RAYON İCRA HAKİMİYYƏTİNDƏ VƏTƏNDAŞLARIN QƏBULU KEÇİRİLMİŞDİR
Qəbulda ümumilikdə 18 vətəndaş iştirak etmişdir. Müraciət edənlərdən Mübariz İbrahimov, Ramin Həmidov, Yaqut Məmmədova, Rəhimə Babayeva, Bəsti Kamilova, Mamed Əliyev və digər vətəndaşlar tərəfindən əsasən, sosial və kommunal, həmçinin, “Ağ şəhər” layihəsi çərçivəsində sökülən evlərə görə kompensasiyaların ödənilməsi ilə bağlı müraciətlər dinlənilmişdir.
Həmçinin, Sadıqcan küçəsi 15 saylı binanın bir qrup sakini rayon İcra Hakimiyyətinə müraciət edərək bildirmişlər ki, yaşadıqları binanın qarşısında gedən tikinti ilə bağlı yol bərbad vəziyyətə düşmüşdür. Sakinlərin müraciətləri ilə yerində tanış olmaq məqsədilə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov əraziyə gəlmiş, mövcud vəziyyətlə yerində tanış olmuşdur. Ərazidə abadlıq və təmizlik işlərinin aparılması, yolun təmiri ilə bağlı aidiyyatı üzrə müvafiq şöbələrə tapşırıqlar vermiş, sakinlərin narahatlığını qısa müddətdə aradan qaldırmaq üçün bütün imkan və vasitələrdən istifadə edilməsinin vacibliyini vurğulamışdır.
Görüşdə iştirak edən sakinlər onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.