Rayon İcra Hakimiyyətinin başçısı Gəncə prospekti 2942 A məhəlləsində aparılan tikinti və “Ağ şəhər” layihəsi çərçivəsində əhalinin köçürülməsi və söküntü işlərinin gedişi ilə tanış olub
18 may 2017-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov rayon İcra Hakimiyyəti Aparatının məsul işçilərinin, rayon MKTB, xidmət sahələrinin rəhbərləri və digər məsul şəxslərin iştirakı ilə Gəncə prospekti 2942 A məhəlləsində 20 mərtəbəli, 20 bloklu, 11 korpuslu yaşayış binasının ərazisində aparılan tikinti işlərinin gedişi ilə maraqlanıb.
Məlumat verilib ki, tikinti işləri mövcud qanunvericiliyə uyğun olaraq aparılır və yaşıllıqların qorunması istiqamətində bütün şərtlərə əməl olunur. Rayon İcra Hakimiyyətinin başçısı tikinti zamanı mövcud yaşıllıqların qorunmasına xüsusilə diqqət yetirilməsinin vacibliyini bir daha diqqətə çatdırmışdır.
Daha sonra “Ağ şəhər” layihəsi çərçivəsində əhalinin köçürülməsi və söküntü işlərinin gedişi ilə yerində tanış olmaq üçün Ərzurum yaşayış massivində “Turşu küçəsi” adlandırılan əraziyə gəlib.
Burada sakinlərin köçürülməsi, boşaldılan evlərin söküntü işlərinin gedişi və digər tədbirlərlə tanış olan rayon İcra Hakimiyyətinin başçısı işlərin sürətləndirilməsi və vaxtında başa çatdırılması üçün müvafiq tapşırıqlar verib. Ərazidə sakinlərlə görüşən cənab Razim Məmmədov, onların qayğıları ilə də maraqlanıb, sakinlər tərəfindən ünvanlanan suallarına müvafiq izahatlar verib. Rayon İcra Hakimiyyətinin başçısı hazırda bu ərazidə aparılan işlərin layihə üçün mühümlüyünü, önəmini bir daha vurgulayaraq bütün əlaqədar təşkilatlara, bu işə məsul edilmiş şəxslərə və yaradılmış müvafiq komissiyanın üzvlərinə məsuliyyətlərini bir daha artırmalarını tapşırıb. Sakinlər verilən izahatlardan razı qaldıqlarını bildirib, göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı cənab İlham Əliyevə minnətdarlıq ediblər.