XƏTAİ RAYONUNDA DAHA BİR İSTİRAHƏT PARKININ SALINMASI İŞLƏRİNƏ BAŞLANILDI
25 may 2017-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov rayon İcra Hakimiyyəti Aparatının məsul işçilərinin, rayon MKTB, xidmət sahələrinin rəhbərləri və digər məsul şəxslərin iştirakı ilə Qədir Məmmədov küçəsi 7-9 ünvanlarında olub, ərazidə təmizlik-abadlıq işlərinin gedişi ilə maraqlanıb, sakinlərlə görüşüb.
Ərazidə yaşayan bina sakinləri ilə görüşən cənab Razim Məmmədov, onların qayğıları ilə də maraqlanıb. Bina sakinlərinin ümumi narazılığını və ətrafda mövcud olan antisanitar vəziyyəti nəzərə alaraq qeyri-qanuni zəbt edilərək çəpərlənmiş sahələrdə çəpərlər və yararsız tikililər sökülüb, həmin ərazilər məişət tullantılarından təmizlənib. Ayrı-ayrı şəxslər tərəfindən quraşdırılmış primitiv köşklər, müxtəlif ölçülü dəmir qarajlar ləğv olunub, onların yanına yığılmış məişət avadanlıqları və tullantıları götürülüb. Sakinlərin suallarına müvafiq izahatlar verən rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa tapşırıq və göstərişlərinə əsasən, ölkənin bütün şəhər və rayonları kimi Xətai rayonu da gündən-günə yeniləşir, abadlaşır. Bu işlərin daha sistemli, planlı və kompleks şəkildə, dövrün tələblərinə uyğun həyata keçirilməsi üçün Xətai rayonunda mütamadi olaraq abadlıq –təmizlik, yenidənqurma işləri həyata keçirilir. Həmçinin, bu gün bu ərazinin təmizlənməsi işləri başa çatdıqdan sonra burada da əhalinin rahat istirahətini təmin etmək məqsədilə park salınması nəzərdə tutulur.
Sakinlər verilən izahatlardan razı qaldıqlarını bildirib, göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı cənab İlham Əliyevə minnətdarlıq ediblər.
Təmizlik işləri çərçivəsində qurumuş ağacların ərazidən götürülməsi, qoca ağacların budanması işləri də həyata keçirilib.Hazırda ərazidə texnikalar işləyir, abadlıq-təmizlik işləri davam etdirilir.