Rayon İcra Hakimiyyətində rayonun Xəzər dənizinin sahilboyu ərazilərində aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində müşavirə keçirilmişdir
Son zamanlar Bakı şəhərində sosial infrastrukturun daha da inkişaf etdirilməsi, Milli parkın genişləndirilməsi və müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədi ilə paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai rayonunda da yolların, kommunikasiya xətlərinin və digər infrastruktur təminatının yaxşılaşdırılması üçün rayonun Xəzər dənizinin sahilboyunda yerləşən yaşayış və qeyri yaşayış sahələrinin siyahıya alınması zərurəti yaranmışdır.
Aparılmış araşdırmalar göstərmişdir ki, rayonun Xəzər dənizinin sahilboyu bir neçə illər əvvəl tikilmiş çoxlu sayda yaşayış evləri, sənaye və istehsalat obyektləri və digər tikililər mövcuddur. Qeyd edilənləri nəzərə alaraq, rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun sərəncamına əsasən, rayon ərazisində təyinatından, maliyyə mənbəyindən və mülkiyyət formasından aslı olmayaraq aparılan tikintilərin qeydiyyatının aparılması, tikintilərdə sənədləşmə işlərinin vəziyyətinin və layihədən kənar çıxmaların olub-olmamasının təftiş edilməsi məqsədi ilə komissiya yaradılmışdır.
30.05.2017-ci il tarixdə rayon İcra Hakimiyyətində yaradılmış komissiyanın üzvlərinin iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirədə qeyd olunan məsələlərin həlli ilə bağlı geniş müzakirələr aparılmış, işlərin sürətləndirilməsi, verilən tapşırıqların vaxtında və dəqiqliklə yerinə yetirilməsi, qaldırılan problemlərin həlli ilə bağlı aidiyyatı şəxslərə müvafiq tapşırıq və göstərişlər verilmişdir.