Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqların müdafiəsi dövlət siyasətinin prioritetlərindəndir

02 iyun 2017 | 00:00

Xətai rayonunda keçirilən bayram təntənəsində
 bu fikir xüsusi vurğulandı

1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günü Xətai rayonunda ənənəvi tədbirlər sıyahısında məxsusi yeri olan bayramlardan olduğu üçün bu il də rayon İcra Hakimiyyəti onu böyük təntənə ilə qeyd etdi.

Uşaqların sevimli bayramına elə Xətai Rayon İcra Hakimiyyətinin qarşısındakı yaraşıqlı parkda təşkil edilən tədbirlə start verildi. Rayon məktəblərinin aşağa siniflərini təmsil edən yüzdən çox şagirdin toplaşdığı parkda fidan balalar müəllimlərinin tapşırıqlarına uyğun fləşmob aksiyasını uğurla icra etmək üçün bütün bacarıqlarını ortaya qoymuşdular. İlk cəhdlərində ritmik musiqi sədaları altında Azərbaycan dövlətinin üçrəngli bayrağını yaradan uşaqlar, sonra meydanda “1 İyun” və “Sülh” sözlərini yazdılar.

Fləşmob aksiyası başa çatdıqdan sonra Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov və YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov uşaqları bayram münasibətilə təbrik etmək üçün onlara yaxınlaşdılar. Razim Məmmədov təbrik çıxışında bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin uşaqlara sevgisi və məhəbbəti son dərəcə böyük olub. Məhz bu bayram günlərindən birində uşaqların qarşısında çıxış edərkən Ulu Öndər demişdir: “Biz müstəqil Azərbaycanda çox problemləri həll edirik. Bunların içərisində ən vacib problemlərdən biri uşaqlara münasibət, uşaqlara qayğı, uşaqların təhsilinin, tərbiyəsinin təmin olunması və uşaqların qorunması, müdafiə edilməsidir”. Azərbaycanın dahi oğlunun bu sözləri onun hakimiyyəti illərindən başlayaraq ölkəmizdə dövlət uşaq siyasətinin əsasına çevrilmişdir.

Natiq daha sonra qeyd etdi ki, bu gün də Prezident İlham Əliyevin Azərbaycan hökuməti qarşısında qoyduğu ən aktual vəzifələrdən biri uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması, uşaqların yüksək qayğı ilə əhatə olunması, onların əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.

Bu istiqamətdə  mühüm tədbirlər həyata keçirildiyini qeyd edən İcra başçısı bildirdi ki, bütün bu məsələlərə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Mehriban Əliyeva da böyük diqqətlə yanaşır. Son on beş ildə Heydər Əliyev Fondu tərəfindən uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirilir.

Uşaqlari sevimli bayramları münasibətilə təbrik edən Milli Məclisin deputatı Hüseynbala Mirələmov isə qeyd etdi ki, ümummilli lider Heydər Əliyev uşaqlara təkcə sevgi və qayğı ilə yanaşmır, həm də onların sağlam gələcəyinə möhtəşəm töhfələr verirdi. Uşaqları Azərbaycanın gələcəyi hesab edən Ulu Öndər deyirdi: “Əziz uşaqlar, siz XXI əsrdə müstəqil Azərbaycanın qurucuları, yaradıcıları və Azərbaycanı yüksəklərə qaldıranlar olacaqsınız. Biz sizə Azərbaycanı tapşırırıq. Mən əminəm ki, bugünkü uşaqlar, bugünkü Azərbaycan gəncləri Azərbaycanın xoşbəxt gələcəyini təmin etməyə qadirdirlər”.  Əziz balalar, Ulu Öndərin bu etimadını doğrultmaq üçün həm mənən, həm də fiziki cəhətdən sağlam böyüməli, yaxşı oxumalı, Vətənimizə layiqli övlad olmalısınız. Buna, Prezidentimiz İlham Əliyev başda olmaqla, Azərbaycan dövləti hər cür şərait yaradıb. İnanıram ki, siz etimadı şərəflə doğruldacaqsınız.

Uşaqları Müdafiə Gününün növbəti bayram şənliyi rayonun Heydər Parkında davam etdi. Yüzlərlə məktəbli əllərində gül dəstələri ilə ümummilli lider Heydər Əliyevin parkda ucaldılmış abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad etdi. Xəta Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçən tədbirdə İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva uşaqları təbrik etdi və onlara həyatda və təhsildə uğurlar arzuladı. Xalqın gələcəyi olan uşaqlarla bağlı dövlət siyasətinin davamlı olaraq həyata keçirildiyini diqqətə çatdıran natiq bildirdi ki,  bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mühüm sənədlər imzalanır və  dövlət proqramları həyata keçirilir.

Sonda müxtəlif dadlı təamların düzüldüyü bayram süfrəsinə dəvət alan uşaqlar üçün konsert proqramı təşkil edildi. Şənliyə  dəvət olunmuş incəsənət ustalarının,  klounların, sehrbazın, maraqlı çıxışları, rəngarəng rəqslər və əyləncəli oyunlar uşaqlara əsl bayram əhval-ruhiyyəsi yaşatdı.

Tədbir rayon İcra Hakimiyyətinin sifarişi ilə Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə hazırlanmış bayram tortunun kəsilməsi, sülh rəmzi olan göyərçinlərin havaya uçurulması və rəngbərəng şarların səmaya buraxılması ilə başa çatdı.

Keçidlər