Rayon İcra Hakimiyyətinin başçısı Qədir Məmmədov və Cavanşir küçələrində təmizlik və abadlıq quruculuq işlərinin gedişi ilə yerində maraqlanmışdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa tapşırıq və göstərişlərinə əsasən, ölkənin bütün şəhər və rayonları kimi Xətai rayonu da gündən-günə yeniləşir, abadlaşır.
7 iyun 2017-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, rayon Polis İdarəsinin rəisinin müavini, rayon İcra Hakimiyyəti Aparatının məsul işçilərinin, rayon MKTB, xidmət sahələrinin rəhbərləri və digər məsul şəxslərin iştirakı ilə Qədir Məmmədov küçəsi 7-9 ünvanlarında və Cavanşir küçəsində olub, ərazidə yeni parkın qurulması işlərinin gedişi ilə maraqlanıb.
Məlumat verilib ki, hal-hazırda ərazi qeyri-qanuni zəbt edilərək çəpərlənmiş sahələrdə çəpərlər və yararsız tikililər sökülüb, həmin ərazilər məişət tullantılarından təmizlənib. Ayrı-ayrı şəxslər tərəfindən quraşdırılmış primitiv köşklər, müxtəlif ölçülü dəmir qarajlar ləğv olunub, onların yanına yığılmış məişət avadanlıqları və tullantıları götürülüb, sanitar normalar nəzarətdə saxlanılır.
Daha sonra Cavanşir küçəsinə gələn rayon İcra Hakimiyyətinin başçısı küçə boyu bəzi yerlərdə qeyri-qanuni zəbt olunmuş yaşıllıq zolaqlarının hasarlarının sökülməsini, binaların estetik görkəminə xələl gətirən artırılmaların sökülməsinə, eləcə də binaların fasadlarında təmir və rənglənmə işlərinin aparılması üçün tapşırıq vermişdir. Həmçinin, cənab Razim Məmmədov yay mövsümü ilə əlaqədar, bütün rayon ərazisində yanğın təhlükəsinə səbəb ola biləcək quru otların vaxtlı-vaxtında təmizlənərək götürülməsinə və həmin sahələrin daim nəzarətdə saxlanılmasını tapşırmışdır.