Xətai rayonunda fəaliyyət göstərən təhsil ocaqlarında son zəng həyacanı yaşandı
14.06.2017-ci il tarixdə Xətai rayonunda fəaliyyət göstərən bütün təhsil ocaqlarında son zəng həyacanı yaşanıb. Rayon İcra Hakimiyyətinin nümayəndələri son zəng tədbirlərində məzunların sevinc və həyacanlarını bölüşüb, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.
Rayondakı Heydər Əliyev adına liseydə keçirilən tədbirdə əvvəlcə 11-ci və birinci sinif şagirdləri məktəbin həyətinə daxil olublar. Məzunları təbrik edən rayon icra hakimiyyəti başçısının müavini Teymur Əzizov son illər təhsil sahəsində əldə olunan uğurlardan danışıb. Qeyd olunub ki, təhsil müstəqil Azərbaycanın gələcək inkişafının təminatına zəmanət verən prioritet sahələrdən biri olmaqla yanaşı, həm də sosial-mədəni həyatımızın zənginləşməsinə çox mühüm töhfələr verir. Məhz buna görə ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dönəmlərdə Azərbaycanda təhsilin bütün pillələlərdə inkişafına xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Bu strateji xətt ulu öndərin varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və çağırışlarına cavab olaraq yeni keyfiyyətdə daha böyük uğurla davam etdirilir. Təkcə bir fakt –ölkədə son 14 ildə 3500-dən yuxarı müasir məktəb binasının tikintisi və tam əsaslı təmiri buna parlaq sübutdur. Son onillikdə strateji sahə olan təhsilin inkişafındakı uğurların əldə edilməsində ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da misilsiz xidmətləri olduğunu qeyd edən Teymur Əzizov bildirib ki, bu illər ərzində görülən işlər Xətai rayonunda da təhsil sahəsində böyük uğurlar qazanmağa imkan vermişdir. Təkcə nəzər salsaq görərik ki, 2015-2016-cı tədris ilində rayonun 37 məktəbində təhsil alan 2628 məzundan 1602-si tələbə adı qazanmağa nail olmuşdur. Bütövlükdə Xətai rayonu üzrə ali məktəblərə qəbul 70 faiz təşkil etmişdir ki, bu da respublika üzrə ən yüksək göstəricilərdən hesab edilirdi. Ancaq bu bir tarix idi və bu gün yeni bir tarix yazmaq lazımdır. Bu il rayonumuzun orta ümumtəhsil məktəblərini 2612 məzun bitirir. Güman edirəm və artıq ilk qəbul imtahanlarının nəticələri göstərir ki, bu il sevindirici nailiyyətlərimiz ötən ilkindən daha çox olacaq.
Rayonun digər təhsil ocaqlarında isə çıxış edən müəllimlər, valideynlər həyata vəsiqə alan məzunlara uğur arzulamaqla yanaşı, müstəqil Azərbaycanın çiçəklənməsində onların üzərinə böyük vəzifələr düşdüyünü də vurğulayıblar. Məzunlar isə “Son zəng”i həyatlarında yeni başlanan həyata çağırış kimi dəyərləndiriblər. Sonda son zəng çalınıb və 11-cilər öz sıralarını 1-cilərə təhvil veriblər. Tədbirlər məktəblilərin ifasında ədəbi- bədii kompazisiyalarla davam etdirilib.