Xətai rayonunda Mərkəzləşdirilmiş Kitabxana Sisteminində 15 iyun- Milli Qurtuluş günü münasibətilə tədbir keçirilib
İyunun 14-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunu ilə birgə Milli Qurtuluş Gününü qeyd edib.
Tədbiri Bilik Fondunun icraçı direktoru Oktay Səmədov açaraq iştirakçıları Milli Qurtuluş Günü münasibətilə təbrik edib, onlara müstəqil Azərbaycanın çiçəklənməsi naminə işlərində müvəffəqiyyətlər arzulayıb. İcraçı direktor ölkədə Qurtuluş gününə qədərki tarixi-siyasi vəziyyətdən söhbət açıb, Ümummilli liderin səyi nəticəsində respublikamızın beynəlxalq əlaqələrinin gələcək inkişafına hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlinin qoyulmasından bəhs edib.
Sonra Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyevin “Əbədi müstəqilliyə təminat formulu: güclü dövlət, müstəqil siyasət” mövzusunda mühazirəsi dinlənilib. Natiq Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb: “Məhz 1991-1993-cü illərdə yaşanan sarsıntı və təlatümlər göstərdi ki, yalnız fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik lider milli müstəqilliyi qorumaq və yaşatmaq kimi çətin missiyanın öhdəsindən gələ bilər. 1993-cü ilin iyununda Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyalarının praktik şəkildə bərqərar olmasına fundamental əsaslar yaratdı, sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratdı”.
Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Oruc Quliyev, baş kitabxanaçısı Gülzadə Quliyeva, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-İnformasiya fakültəsinin müəllimi, şairə İradə Əlili, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Mədəniyyət İşçilərinin İxtisasartırma Mərkəzinin şöbə müdiri Rəfiqə Nəsirova, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin baş məsləhətçisi Sücaət Piriyeva, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Müşviq Məmmədov və digər çıxışçılar Milli Qurtuluş Günü ilə bağlı fikirlərini söyləyiblər.
Tədbir məktəblilərin hazırladıqları ədəbi-bədii kompazisiyaların və filmin nümayişi ilə davam edib.