Xətai rayonunda Yaponiyanın tanınmış “Va-Liqa” musiqi qrupunun növbəti konserti keçirilib
Azərbaycan –Yaponiya dostluğunun simvoluna çevrilmiş Xətai rayonunun Heydər Parkındakı “Yapon bağı”nda gerçəkləşən, gündoğar ölkənin “Va-Liqa” musiqi qrupu ilə ölkəmizin incəsənət ustalarının birgə konsert proqramı Yaponiya – Azərbaycan diplomatik münasibətlərinin 25 illiyinə həsr edilmişdi.
Yaponiyanın Azərbaycandakı səfirliyi və Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Beynəlxalq Mugam Mərkəzi, JTİ yapon şirkəti və TOYOTA Bakı Mərkəzinin əməkdaşlığı ilə keçən konsert proqramı başlamazdan əvvəl rayonun rəhbərliyi,YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Yaponiya səfiri, tədbirə dəvət alan xarici ölkələrin ölkəmizdəki diplomatik korpusun nümayəndələri ümummilli lider Heydər Əliyevin parkdakı abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad etdilər.
Tədbirin rəsmi hissəsində çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi Yaponiyanın tariximizdə öz yeri var. Diplomatik münasibətlərin yaranmasının 25 illiyinin tamam olduğunu və bu illər ərzində ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Razim Məmmədov qeyd etdi ki, Azərbaycan dövləti Yaponiya ilə səmimi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi önəm verir. Hər iki dövlətin rəhbərləri istər siyasi, istərsə də digər sahələrdə bu əməkdaşlığın yeni müstəviyə çıxması istiqamətində son illər uğurlu addımlar atırlar. Bu əlaqələrin ayrı-ayrı şəhərlər, regionlar səviyyəsində inkişafına da xüsusi ehtiyac olduğunu deyən Razim Məmmədov, Xətai rayonunun da ən yaxın vaxtlarda Tokio prefekturasının Setaqaya şəhəri ilə də bu cür əməkdaşlıq əlaqələri quracağını diqqətə çatdırdı.
Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori çıxış edərək bildirdi ki, həqiqətən tədbirin keçirildiyi bu məkan bizim üçün çox əzizdir. Çünki Azərbaycan müstəqilliyinin qurucusu olan Heydər Əliyevin adını daşıyan bu parkda Azərbaycan –Yaponiya dostluğunun simvoluna çevrilmiş “Yapon bağı” var. Bu gün yapon musiqisinin sədaları yayılacaq həmin bağ inkişaf edib gözəlləşidikcə, ölkələrimiz arasında münasibətlər də daha möhkəm olur. Səfir həmçinin, qeyd etdi ki, Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə 2017-ci ildə ölkənizdə bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırımışıq. Onlar əsasən mədəniyyət və incəsənət sahəsində olan tədbirlərdir. Düşünürəm ki, belə tədbirlər təkcə mədəni münasibətlərin inkişafına deyil, həm də hər iki dövlətin bir-biri ilə mövcud əlaqələrinin daha da genişlənməsinə, xalqlar arsında qarşılıqlı ehtirama və səmimi münasibətlərin yaranmasına böyük töhfələr verəcəkdir.
Sonra aparıcı məlumat verdi ki, “Va-Liqa” musiqi qrupu Yaponiyanın ənənəvi musiqi və mədəniyyət janrının xaricdə təbliği ilə məşğuldur. Qrupun repertuarına Yaponiyanın ənənəvi Kabuki və No teatrlarının rəqs səhnələri, “vadaiko” (yapon barabanları), “şamisen” (simli musiqi aləti), “minyo” kimi folklor musiqisi daxildir. Qrup indiyədək dünyanın müxtəlif ölkələrində üç yüzdən artıq konsert verib. “Va-Liqa” musiqi qrupunun 2014-cü ildə və sonrakı illərdə paytaxt Bakıda və respublikanın digər şəhərlərindəki konsertləri tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.
Təqdimatdan sonra musiqi qrupu tamaşaçılar qarşısında rəngarəng konsert proqramı ilə çıxış edib. Qrupun üzvləri Yamanaka Nobutonun, Sai Hidetoşinin və Takaku Teritoşinin ənənəvi yapon musiqi alətləri olan şamisen, vadaiko və zərb alətlərində təqdim etdikləri musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Bir səhnəni bölüşən Azərbaycan musiqi ustaları ilə “Va-Liqa” qrupu üzvlərinin konsert zamanı ifa etdikləri Azərbaycan himni sürəkli alqışlarla qarşılandı.
Konsertdə iştirak edən xarici ölkələrin diplomatları yapon musiqisi ilə yanaşı, Azərbaycan incəsənət ustalarının ifa etdikləri xalq musiqisindən və rəqslərindən də böyük zövq aldılar. Konserti izləyən paytaxt tamaşaçıları ənənəvi Azərbaycan musiqisi ilə yapon musiqisinin sintez ifalarını, eyni zamanda, yapon döyüş sənəti olan “aikido” və “kendo”nun idmançılarımız tərəfindən nümayiş etdirdikləri nömrələri də maraqla qarşıladılar.