Xətai rayonunda Polis İdarəsinin yeni inzibati binasının açılışı olub
Açılış mərasimində daxili işlər naziri, general-polkovnik Ramil Usubov, rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov iştirak ediblər.
Yeni inzibati binanın inşasına 2015-ci ilin martında başlanılıb. Ümumi sahəsi 3432 kvadratmetr olan dördmərtəbəli inzibati binadan əlavə, ərazidə yeməkxana və digər yardımçı binalar müasir standartlara uyğun tikilib. Bina bütün zəruri mərkəzləşdirilmiş mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilib, yeni mebel və inventarla təmin olunub. Ərazidə abadlaşdırma, yaşıllaşdırma, asfalt və işıqlandırma işləri yerinə yetirilib.
Daha sonra yeni inzibati binanın akt zalında Xətai Rayon Polis İdarəsinin əməkdaşları ilə görüş olub.
Görüşdə çıxış edən nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğı nəticəsində hər il daxili işlər orqanları üçün onlarla yeni obyekt tikilib istismara verilir, lazımi texniki vasitələr və avadanlıq alınır. Dövlətimizin başçısı elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin daxili işlər orqanlarında tətbiqinə, zəruri avadanlıq və texnika ilə təchizatına böyük diqqət yetirir, bunun sayəsində Daxili İşlər Nazirliyi müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunur. Bütün bunlar şəxsi heyətin iş şəraitinin daha da yaxşılaşmasına müsbət təsir göstərir, onları xidməti vəzifələrini layiqincə yerinə yetirməyə ruhlandırır.
Daxili işlər naziri əmin olduğunu bildirib ki, şəxsi heyət dövlətimizin yüksək diqqət və qayğısına əməli işlə cavab verəcək, rayon ərazisində asayişin, əmin-amanlığın nümunəvi qorunması və cinayətkarlıqla qətiyyətli mübarizə sahəsində qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən yüksək səviyyədə və məsuliyyətlə gələcək.