“Azərbaycanı və Xətai rayonunu layiqincə təmsil edəcəyik”
Qardaş Türkiyənin Mersin şəhərində keçiriləcək “Qız qalası” 2-ci Beynəlxalq Turizm Festvalına dəvət alan Xətai rayonunun yeniyetmələrdən ibarət “Səma” rəqs qrupunun üzvləri, rayonun “Zəkalar” liseyinin iki əlaçı şagirdi və onları müşaiyət edəcək nümyəndələr səfərə yola düşməzdən əvvəl rayonun Heydər Parkına gələrək ümummilli liderin abidəsini ziyarət etmiş və xatirəsini ehtiramla anmışlar.
Sonra Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov və Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov rayon İcra Hakimiyyəti binasının iclas zalında ölkəmizi, eyni zamanda rayonu qardaş ölkədəki mötəbər tədbirdə təmsil edəcək yeniyetmə gənclərlə görüşdülər. Nümayəndə heyətinə rəhbərlik edən rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov tədbir haqqında məlumat verərək bildirdi ki, iyulun 7-dən 9-a qədər davam edəcək “Qız qalası” 2-ci Beynəlxalq Turizm Festivalı Mersin şəhər valiliyinin və Tarsus şəhər bələdiyyəsinin təşkilatçılığı ilə keçirilir. Azərbaycan nümayəndələrini də Xətai rayonu ilə qardaşlaşmış Tarsus şəhərinin bələdiyyə başqanı dəvət etmişdir. Tədbirdə Xətai rayonundan “Səma” rəqs qrupunun 7 üzvü, “Zəkalar” liseyinin 2 şagirdi, Xətai rayon bələdiyyəsinin sədri, rəqs qrupunu rəhbəri və icra hakimiyyətinin şöbə müdiri daxil olmaqla 12 nəfərlik nümayəndə heyəti iştirak edəcək.
Görüşdə nümayəndə heyətinin yeniyetmə gənclərinə Xətai rayonu ilə Tarsus şəhərinin 2007-ci ildən qardaşlaşmasının tarixindən, iki qardaş ölkənin bu şəhərləri arasında 10 illik bir dövrdə yaranmış sosial-iqtisadi, mədəni əlaqələrdən, şəhər rəhbərlərinin qarşlıqlı səfərlərindən geniş məlumat verildi. Qeyd edildi ki, bu qardaşlıq münasibətləri nəticəsində bu gün Tarsus şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan körpü, onun möhtəşəm abidəsi ucalan 2,5 hektar ərazisi olan gözəl istirahət və mədəniyyət parkı fəaliyyət göstərir.
Görüşdə çıxış edən icra hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki, Azərbaycan Türkiyə dostluğunun, qardaşlığının tarixi əsrlərə söykənir. Amma 70 illik fasilədən sonra XX əsrin sonlarından başlayan qardaşlıq münasibətlərinin tarixinə imza atan ümummilli lider Heydər Əliyevdir. Ona görə də qardaş Türkiyə Respublikasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi təkcə “Biz bir millət iki dövlətik” məşhur kəlamı ilə tanımırlar. Hazırda bu qardaş ölkədə Heydər Əliyevin adı Türkiyə Respublikasının qurucusu, böyük öndər Mustafa Kamal Atatürkün adı ilə yanaşı çəkilir və bütün türk dünyasının böyük dövlət xadimi kimi bu ölkədə hamı ulu öndərin siyasi irsinə çox böyük ehtiramla yanaşır. Xətai rayonu ilə qardaşlaşmış Tarsus şəhəri artıq ulu öndərin doğum gününü məhz onun abidəsinin ucaldığı, onun adını daşıyan möhtəşəm bir parkda böyük təntənə ilə qeyd edir.
İcra başçısı Razim Məmmədov nüməyəndə heyətinin yeniyetmə gənclərinə tövsiyyə və məsləhətlərini verərkən qeyd etdi ki, bu gün siz gənc nəsillər arasında yeni münasibətlərə körpü salırsınız. Ümid edirəm, öz dünyagörüşünüz, həyata baxışınız, tarixi münasibətlərə sədaqətinizlə iki qardaş xalq arasında mövcud olan münasibətlərə yeni bir nəfəs verəcəksiniz. Ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin müstəqil Azərbaycanın gələcəyi kimi sizə bəslədiyi böyük ümidləri doğrultmaq üçün verilən hər fürsətdən bacarıqla istifadə edəcəksiniz. Bu səfər sizə yaradılmış ilk fürsətdir.
Milli Məclisin deputatı Hüseynbala Mirələmov da yeniyetmə gənclərə arzularını bildirərək qeyd etdi ki, Siz müstəqil ölkədə dünyaya gəlmiş xoşbəxt insanlarsınız. Bu müstəqillik ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri, titanik fəaliyyəti sayəsində əldə edilmiş, Prezident İlham Əliyevin strateji planları, düşünülmüş xarici və daxili siyasəti nəticəsində inkişaf edib əbədiyyətə qovuşmuşdur. Bütün bunların əldə edilməsində, şübhəsiz, hər iki liderin dost və qardaş ölkələrlə, xüsusilə Türkiyə Cumhuriyyəti ilə strateji əlaqələri yüksək ustalıqla yönəltməsi çox böyük rol oynamışdır. Ümid edirik, siz yeniyetmə gənclər Türkiyəli həmyaşıdlarınızla birgə bu təcrübəni dərindən öyrənib, iki qardaş dövlət arasındakı münasibətləri göz bəbəyi kimi qoruyub daim inkişaf etdirəcəksiniz.
Tədbirdə çıxış edənlər 287 saylı Zəkalar liseyinin direktoru Aygün Əhmədli, liseyin şagirdləri Fidan Rzayeva, Əmir Quliyev, “Səma” rəqs qrupunun rəhbəri Səma Sadıxova onlara göstərilən bu etimada görə dövlət başçısı cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və cənab başçı Razim Məmmədova minnətdarlıqlarını bildirərək söz verdilər ki, qatıldıqları festivalda Azərbaycanı, yaşadıqları Xətai rayonunu layiqincə təmsil edəcəklər.