Xətai rayonunda jurnalistlərin peşə bayramı qeyd edildi
22 İyul- Milli Mətbuat Günü münasibətilə Xətai Rayon İcra Hakimiyyətində bir qrup jurnalistlə görüş keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçən görüşdə əvvəlcə aparatın İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov Azərbaycanın milli mətbuat tarixi barədə məlumat verərək bildirib ki, Həsən bəy Zərdabinin “Əkinçi”qəzeti ilə əsasını qoyduğu milli mətbuatımız ötən 142 il ərzində hadisələrlə zəngin olan çox böyük inkişaf yolu keçmişdir. Natiq milli mətbuat tarixində yeri olan qəzet və jurnallar haqqında geniş məlumat vermiş və qeyd etmişdir ki, Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.
Çıxışına salona toplaşan mətbut nümayəndələrinin simasında bütün Azərbaycan media mənsublarını təbriklə başlayan Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razım Məmmədov qeyd etdi ki, milli mətbuatımız öz intibah və yüksləş dövrünü ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlamış və qısa zaman içində bu məsuliyyətli peşə sahibləri cəmiyyətin ən aparıcı qüvvəsinə çevrilə bilmişdir. Ulu öndər Heydər Əliyevin 1998-ci ilin avqustunda imzaladığı müvafiq fərman və sərəncamlarla Azərbaycanda senzura ləgv edildikdən sonra milli mətbuatımız çox sürətlə dünya mətbuat şəbəkəsinə, kütləvi informasiya vasitələri sisteminə inteqrasiya etməyə başladı. Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat Günü kimi dövlət səviyyəli bayramlar siyahısına daxil edildi. Əski hakimiyyətlərin dövründə bir sıra mətbuat orqanlarının, əksəriyyəti müxalifət düşərgəsinə mənsub olan qəzetlərin nəşriyyatlara olan küllü miqdarda maliyyə borcları ləğv edildi.
Razim Məmmədov bildirdi ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli mətbuata, onun vicdanlı nümayəndələrinə dövlət qayğısı siyasəti artıq neçə illərdir ki, Prezident İlham Əliyev tərəfindən daha yüksək səviyyədə davam etdirilir. Bu günlərdə biz bunun bir daha şahidi olduq. İyulun 20-də möhtərəm Prezidentimiz jurnalistlər üçün tikilmiş ikinci binanın açılışını etdi və 255 jurnalistə mənzil hədiyyə etdi. Bu sayca ikinci bina idi. Bildiyiniz kimi, bir neçə il əvvəl bu ərazidi salınmış birinci binada 156 jurnalistə mənzil verildi. Amma, dünyanın heç bir ölkəsində rast düşmədiyimiz bu aksiya bitmədi və elə həmin gün Prezident jurnalistlər üçün nəzərdə tutulan 255 mənzilli üçüncü binanın təməlini qoydu. Başçı qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin artıq neçənci dəfə “Jurnalistlərin Dostu” mükafatına layiq görülməsi də onun çətin, məsuliyyətli və eyni zamanda şərəfli peşə sahiblərinə göstərdiyi yüksək diqqət və qayğının təsdiqidir.
Toplantıda çıxış edən Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov qeyd etdi ki, bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet, jurnal, internet portalları, elektron media azad və demokratik şəraitdə fəaliyyət göstərir. Bu onu göstərir ki, Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz azadlığı yüksək səviyyədə təmin olunub. Dövlət başçısı şəhərimizin ən gözəl və yaraşıqlı məkanlarından birində jurnalistlər üçün yaşayış şəhərciyi saldırır və jurnalistikamızın inkişafına töhfələr verən mətbuat nümayəndələrinə mənzillər hədiyyə edir. Bu bizim dövlət başçımızın nə qədər humanist və xeyirxah olduğunu, söz adamlarına nə qədər böyük dəyər verdiyni, demokratiya və azadlıqların təmin olunmasına necə önəm verdiyini əyani şəkildə göstərir.
Mətbuat nümayəndələri də tədbirdə çıxış edərək ölkədə həqiqət və demokratiyanın təntənəsinə çalışan dövlət başçısının siyasi xəttinə öz fəaliyyətləri ilə dəstək verdiklərini bildirdilər və Prezidentin jurnalistlər üçün yaratdığı şəraitin onları daha vicdanla çalışmağa məsul etdiyini diqqətə çatdırdılar.
Sonda jurnalistlərdən bir qrupuna Xətai rayonunun ictimai-siyasi və sosial-iqtisadi həyatında baş verən hadisələri qərəzsiz, obyektiv və operativ işıqlandırdıqlarına görə İcra Hakimiyyəti başçısının fəxri fərmanları və hədiyyələr təqdim edildi.