Xətai rayonundakı 3 saylı uşaq evinin sakinləri yay istirahət düşərgəsinə köçdülər
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva və aparatın bir qrup əməkdaşı rayonun 3 saylı uşaq evində olub müəssisənin yay istirahət mövsümünün təşkili işi ilə maraqlanmış və uşaqların yay istirahət düşərgəsinə yolasalma mərasimində iştirak etmişlər.
3 saylı Uşaq Evinin direktoru Məhbubə Hüseynova icra hakimiyyəti başçısının müavininə məlumat verərək bildirmişdir ki, bu gündən uşaqların yay istirahət mövsümnün yeni mərhələsi müəssisənin Buzovna qəsəbəsindəki yay istirahət düşərgəsində keçiriləcək. M.Hüseynova qeyd etmişdir ki, bu istirahət düşərgəsində ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və nəzarəti ilə 2010-2012-ci illərdə aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonra uşaqların istirahətinin mənalı təşkili üçün hər cür şərait yaradılmışdır.
Direktor yay istirahət düşərgəsi haqqında məlumat verərərk bildirmişdir ki, 5 min 600 kvadratmetr ərazidə 120 uşağın istirahəti üçün nəzərdə tutulan və 3 min 400 kvadratmetr sahəsi olan dördmərtəbəli binada uşaqların rahatlığı üçün hər cür şərait yaradılmışdır. Binanın ikinci mərtəbəsi oğlanlar, üçüncü mərtəbəsi isə qızlar üçün nəzərdə tutulub və hər birində dörd yataq otağı var. Ən müasir avadanlıq quraşdırılmış 200 yerlik iclas zalı isə müxtəlif mədəni toplantıların keçirilməsi üçün nəzərdə tutulmuşdur. Uşaqların informasiya-kommunikasiya texnologiyalarının sirlərinə yiyələnməsi üçün binada kompyuter otağı, müxtəlif sahələrə aid ədəbiyyat toplanmış kitabxana fəailiyyət göstərir. İdmanla məşğul olmaq üçün süni örtüklü futbol meydançası və hovuz tikilib, əyləncə guşələri yaradılıb.
Sonra uşaqları salamlayan Jalə Abdıyeva qeyd etdi ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bu evin gənc və yeniyetmə sakinlərinin yay istirahətinin təşkili ilə şəxsən maraqlanmış və bu mövsümün mənalı keçməsi, uşaqların daha xoş anlar yaşaması üçün müvafiq tapşırıqlar vermişdir. Ötən il olduğu kimi, bu il də uşaqlar yay itsirahət düşərgəsindən Bakının bir çox gəzməli və görməli yerlərinə səyahət edəcək, onlar üçün əyləncəli mədəni proqramlar və idman yarışları təşkil ediləcək.
Jalə Abdıyeva vurğuladı ki, dövlətimizin və Prezidentimiz İlham Əliyevin uşaqlara, xüsusilə valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğısı onun ictimai-siyasi və dövlətçilik fəaliyyətində məxsusi yer tutur. Bu qayğı və diqqət son onillikdə uşaqların sosial-hüquqi müdafiəsi mexanizminin təkmilləşdirilməsində və yeni alternativ qayğı formalarının yaradılmasında özünü parlaq şəkildə əks etdirir. Natiq Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətində də valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlara kömək etməyin, onların cəmiyyətə gərəkli bir vətəndaş kimi yetişmələrinin, sosial problemlərinin həllinə dəstək göstərməyin önəmli məsələlərdən biri olduğunu diqqətə çatdırdı. Qeyd edildi ki, bu istiqamətdə işlər Fondun "Uşaq evləri və internat məktəblərinin inkişafı Proqramı" çərçivəsində həyata keçirilir. Həmin proqrama müvafiq olaraq görülən tədbirlər nəticəsində bu tip müəssisələrin bir çoxu Xətai rayonundakı uşaq evi və onun Buzovna qəsəbəsindəki yay istirahət düşərgəsi kimi yenidən qurulmuş, əsaslı təmir olunmuş, yeni inventar və avadanlıqlarla təchiz edilmişdir. Belə müəssisələrdə ailə nəvazişini, valideyn istisini sözün əsl mənasında dövlətimiz, onun başçısı Prezident İlham Əliyev, Birinci vitse-prezidentimiz Mehraban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın xeyirxahlıqları, doğma münasibətləri əvəz etmişdir. Ona görə də ailə şəraitinə, doğma ev mühitinə tam yaxın qurulan bu müəssisələr uşaqların doğma ocaqlarına çevrilmişdir.
Sonda Jalə Abdıyeva və icra hakimiyyətinin kollektivi maraqlı, xoş anlar və sevinc dolu günlər arzusuyla uğaqları Buzona qəsəbəsindəki yay istirahət düşərgəsinə yola saldılar.
Yay istirahət düşərgəsində də uşaqları sürprizlərlə qarşılandı. İcra hakimiyyətinin dəstəyi ilə uşaqlara yay istirahət düşərgəsinə köçmələri münasibətilə bayram süfrəsi açıldı, balacaların sevimlisi olan klounlarin da qatıldığı incəsənət ustalarının konsert proqramı nümayiş etdirildi.
Çox maraqlı, xoş əyləncəli, mənalı bir gün yaşadıqlarını bildirən uşaq evinin sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.