Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş günü

16 iyun 2013 | 10:00

15 İyun Milli Qurtuluş gününü bayram edən Xətai Rayon İcra Hakimiyyətinin
rəhbərliyi, Milli Məclisin üzvləri, qonaqlar və ictimaiyyətin
nümayəndələri  əvvəlcə müstəqil Azərbaycanın memarı və qurucusu,
dövlətçiliyimizin xilaskarı ümummilli lider Heydər Əliyevin abidəsini
ziyarət edərək önünə tər çiçək dəstələri qoydular. YAP Xətai rayon
təşkilatının iclas zalında keçirilən təntənəli bayram tədbirini icra
hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirdi ki, bu gün sözün
əsl mənasında Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və uzun əsrlər
həsrətində olduğu azadlığının xilas gününün bayramıdır. Bu xilas gününün
banisi isə bütün ömrü boyu “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli
sərvətidir”  düşüncəsi ilə çarpışan xalqımızın dahi oğlu Heydər
Əliyevdir.

R.Məmmədov Azərbaycanın taleyində müstəsna rol oynamış bu günün tarixinə
qısaca nəzər salaraq bildirdi ki, 1991-ci ilin oktyabrında Azərbaycan
müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət
böhranı anbaan dərinləşməyə başladı. İctimai həyatın bütün sahələrində
xaos, hərc-mərclik baş alıb gedirdi. Erməni təcavüzünün gündən-günə
gücləndiyi bir vaxtda orduda da xaos dərinləşir, fərarilik artırdı.
Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə
yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında sözün əsl mənasında
gərgin mübarizə gedirdi. 1992-ci il mayın 14-də hakimiyyəti ələ keçirən
Xalq Cəbhəsi ilk gündən özünün səriştəsizliyi, qeyri-sağlam fəaliyyəti
ilə ölkəni idarə edə bilmək qüdrətində olmadığını göstərirdi.
Ermənistanın işğalçılıq planlarının qarşısını almalı olan hakimiyyət
qüvvələri, bunun əvəzinə  əllərinə düşən fürsətdən istifadə edib siyasi
rəqiblərini, xüsusilə xalq arasında nüfuzu və etimadı sürətlə  artmaqda
olan, sağlam siyasi qüvvələrin liderinə çevrilmiş Heydər Əliyevi bütün
vasitələrlə neytrallaşdırmağa çalışırdılar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin
müstəqil, tarazlı və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan
xalqının diqqətini cəlb edir, ona ümidləri artırırdı. İqtidar isə onun
artan siyasi nüfuzu ilə barışa bilmir, fəaliyyətini separatçılıq kimi
qiymətləndirir və Naxçıvan Muxtar Respublikasında hakimiyyət çevrilişi
etməyə,  qeyri-demokratik yolla Xalq Cəbhəsini hakimiyyətə gətirməyə cəhd
edirdi.

1992-ci il oktyabrın 24-də Xalq Cəbhəsi yerli qurumlarına məxsus silahlı
dəstələr Daxili İşlər Nazirliyi binasını, televiziya studiyasını ələ
keçirdi. Qiyamçılar xalqa televiziya ilə müraciət edib mövcud hakimiyyət
əleyhinə bəyanatlar versələr də xalqın böyük əksəriyyəti Heydər Əliyevin
çağrışı ilə ayağa qalxdı. Silahlılar dövlət idarələrindən qovulub
çıxarıldı.

Azərbaycanda isə vətəndaş müharibəsi təhlükəsi günbəgün yaxınlaşırdı.
1993-cü ilin iyununda baş vermiş  Gəncə qiyamı vəziyyəti daha da
ağırlaşdırdı. Hökumətə tabe olmayan Surət Hüseynovun rəhbərlik etdiyi bir
qrup zabit “hərbi birlik” yaratmışdı və onlar Müdafiə Nazirliyinə tabe
olmurdular. İqtidar bir vaxtlar özünün yaratdığı hərbi müxalifətin
öhdəsindən gələ bilmirdi.

Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu
Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın
hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi
və çox az bir zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala
bildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali
Sovetinin sədri seçildi.

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkənin
ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq
əlaqələrdə dönüş yaradıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə
uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb.

Natiq həmçinin qeyd etdi ki, Heydər Əliyevin tarixi şəxsiyyət kimi
böyüklüyü, XX əsrin sonu və XXI əsrin əvvəllərində ictimai siyasi həyatın
bir çox sahələrində özünü göstərdi. Lakin  tarixin çox mürəkkəb, dramatik
və məsul bir dövründə xalqın əsrlərdən gələn azadlıq və müstəqillik
arzularını gerçəkləşdirərək, müstəqil və suveren Azərbaycan
Respublikasını qurması onun dövlətçilik fəaliyyətini daha parlaq şəkildə
nümayiş etdirdi.

Toplantıda çıxış edən Milli Məclisin deputatı Səməd Seyidov qeyd etdi ki,
zaman, şərait necə dəyişsə də siyasi təcrübə, müdrüklik, uzaqgörənlik və
mətin siyasətçi nüfuzu ən mürəkkəb problemləri belə zaman -zaman arxada
qoyurdu.

Heydər Əliyevə iqtisadiyyatı dağılmış, Ermənistanla Dağlıq Qarabağ
savaşında məğlub duruma düşmüş, minlərlə qaçqının çöllərə səpələndiyi,
anarxiya və separatizmin meydan suladığı, vətəndaş müharibəsi həddində
olan viranə bir məmləkət miras qalmışdı. Digər tərəfdən, bu məqamda
dağılan SSRİ-nin xarabalıqlarında ən qiymətli parça kimi Azərbaycanı öz
qabağına çəkmək istəyən nəhəng xarici ölkələr arasında da gizli bir
diplomatiya müharibəsi gedirdi. 8 milyona yaxın xalqını, canı qədər
sevdiyi Azərbaycanı taleyin hökmünə buraxmaq, həyatın qaçılmaz
zərbələrinə qarşı həmişə mərdi-mərdanə durmağı bacaran Heydər Əliyevin
manevrasında deyildi. Çünki o, heç zaman, hətta Moskvada, nəhəng bir
ölkənin yüksək dövlət postundan istefa verəndən sonra, onun çörəyini
yeyənlər, onun xeyir duası ilə karyera pillələrində irəliləyənlər ona
dönük çıxanda belə, xalqına arxa çevirmədi. Çünki o, bu naqisliklərin
kökündə duran şeytan əməllərindən xəbərdar idi.

Belə ağır bir durumda Heydər Əliyev eyni vaxtda bir çox strateji sahələrə
rəhbərlik edərək, bu istiqamətdəki problemlərin həllinə nail olmalı idi.
Əvvəla, o ölkənin xarici siyasət məsələlərinə rəhbərliyi ələ alıb, ölkəni
seyt-notdan, informasiya blokadasından çıxarmalı idi. İkinci, dövlət
idarəçilik orqanlarının işlək sistemini yaratmalı və vəzifə
ierarxiyalarında subordinasiyanı bərpa etməli idi. Üçüncü, müharibə
aparan dövlətin hərbi fəaliyyətinə rəhbərlik etməli, ölkədə sabitliyi
bərpa etmək üçün dövlət təhlükəsizlik orqanlarının işini nizama salmalı,
iflasa uğramaqda olan iqtisadiyyatı ayağa qaldırmaq üçün islahatlara
başlamalı idi. Sosial sahələrə və mədəniyyətin inkişafına rəhbərlik də
onun üzərinə saysız -hesabsız qayğılar qoyurdu. Lakin son dərəcə böyük və
polad iradə onu qələbədən qələbəyə aparırdı.

Milli Məclisin üzvü, yazıçı-dramaturq, YAP Xətai rayon təşkilatının sədri
Hüseynbala Mirələmov da hadisələrin təfərrüatını xatırladaraq bildirdi
ki, bir anlıq o böyük dühanın qayıdışını düşüncəmizdən kənara qoysaq,
xəyalımızda ağıla gəlməyən, fəlakət dənizində batmış bir Azərbaycan
görmüş olarıq. Gərgin, əzablı, qan-qadalı günlərin uzanması, Azərbaycanın
təslimə yol getdiyi 1993-cü ildə vətənpərvər qüvvələrdə müstəqilliyi
itirmək xofu yarananda böyük siyasət ustasına, xalqın əksər hissəsinin
xilaskar kimi gördüyü millət atasına müraciət ünvanlandı. Tariximizə
“91-lərin müraciəti” kimi daxil olan bu məktub bəlkə də 91-minlərin,
910-minlərin böyük sərkərdəni əslində hakimiyyətə çağırışı idi. Heydər
Əliyev öz fəhmi ilə bu müraciətin arxasında 91 nəfər yox, bütöv bir
xalqın durduğunu görürdü. Məhz həmin ərəfədə böyük öndərin göndərdiyi
cavab məktubu bütün ölkəni silkələdi.Vəziyyətin elə də qorxulu olmadığını
zənn edənlər yalnız bu məktubdan, Heydər Əliyevin şəraiti dəqiq-dürüst
təhlilindən sonra dərk etdilər ki, belə getsə xalq nəinki müstəqilliyini,
hətta Vətənini, keçmişini və gələcəyini itirə bilər.

Bir gerçəkliyi də unutmaq olmaz ki, 1993-cü ildə xalqın böyük əksəriyyəti
artıq Heydər Əliyevin məhz indi ölkəyə daha çox lazım olduğunu dərk
etmişdi. Hətta hakimiyyətə yiyələnib onu eybəcər hala salmış insanlar
belə. Çünki daim özlərindən iki boy ucada gördükləri bu böyük dahiyə,
hakimiyyətdən gedəcəklər deyə, nə qədər nifrət bəsləsələr belə,
Azərbaycanın böyük faciəsindən və xalqın qəzəbindən qorxub  onun
qayıdışına əl çaldılar.

Qurtuluşun 20 illiyinin bu bayram tədbirində çıxış edən natiqlər YAP
Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar
Rəhimzadə, görkəmli alim Vaqif Abbasov və digərləri çıxışlarında qeyd
etdilər ki, çox haqlı olaraq tarixçi alimlər, politoloqlar Heydər
Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışını Azərbaycan
müstəqilliyinin yeni tarixində ikinci mərhələnin - qəti dönüş
mərhələsinin başlanğıcı kimi səciyyələndirirlər. Heydər Əliyevin az bir
müddətdə bu istiqamətdə atılmış düşünülmüş və hədəfə ünvanlanmış
addımları öz bəhrəsini verdi. 1994-cü il sentyabrın 20-də  təzyiq və
hədələrə baxmayaraq, “Əsrin müqaviləsi” imzalandı. Şübhəsiz, bu
müqavilənin çox böyük iqtisadi dəyəri ilə yanaşı ölçüyə gəlməyən siyasi
əhəmiyyəti də var idi. Yaxın vaxtlara qədər  dünyanın tanımadığı,  iflas
və məhv olmaq təhlükəsi qarşısında olan gənc, müstəqil Azərbaycan
beynəlxalq iqtisadi-siyasətin maraq mərkəzlərindən birinə, bu siyasəti
müəyyənləşdirən qüdrətli dövlətlərin mühüm iqtisadi tərəfdaşına
çevrilirdi.

  “Əsrin müqaviləsi” imzalanandan sonra   əlverişli və etibarlı
investisiya mühitinin formalaşdırılması üçün  güclü qanunvericilik
bazası yaradılmağa başlandı. Ölkə iqtisadiyyatında aparılan islahatlar,
qanunvericiliyin, vergi və bank sisteminin sürətlə dəyişən iqtisadi
şəraitə uyğunlaşdırılması, yeni iqtisadi münasibətlərə cavab verməsi
1994-cü ildə artıq iqtisadi tənəzzülün qarşısını almağa, sabitliyin əldə
edilməsinə gətirib çıxardı. Bunun başlıca amili isə ölkəyə xarici
investisiya axınının başlanması idi.

Dünyada “Enerji diplomatiyası” əsrinin yeni mərhələyə qədəm qoyduğunu
gözəl bilən Heydər Əliyevin   bu sahədə strateji taktiki gedişlərinin ilk
uğuru  1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə
gəldi. Həmin dövrdə tanınmış rus siyasətçilərindən biri yazırdı ki,
“vaxtilə Neft Daşlarının kəşfi Azərbaycanı Xəzərin hökmdarı etmişdisə,
Heydər Əliyevin ağıllı kombinasiyalarının, dərin zəkasının və
qətiyyətinin təntənəsi olan “Əsrin müqaviləsi” gənc müstəqil Azərbaycanı
dünyanın qüdrətli dövlətlərinin mühüm iqtisadi tərəfdaşına çevirdi”.
Azərbaycan üçün məhz bu tarixi uğurdan sonra  iqtisadiyyatda yeni bir
dövr başladı – iqtisadi yüksəliş və tərəqqi dövrü. Artıq 10 ilə yaxındır
ki, Heydər Əliyevin siyasi varisi, sədaqətli silahdaşı, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev öz misilsiz uğurları ilə bu
dövrün qlobal layihələrini gerçəkləşdirməklə, ölkəsini nəinki regionun,
dünyanın söz sahibi olan dövlətlərindən birinə çevirmişdir.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul
edilmiş üzvlərə partiya biletləri təqdim olundu və ümummilli lider Heydər
Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olundu.

Keçidlər