Xətai rayonunda tikinti – quraşdırma işləri mövcud qanunvericilik normalarının tələbləri əsasında aparılır
Artıq bir neçə gündür ki, bəzi kütləvi informasiya vasitələrində, Məzahir Rüstəmov küçəsi 21 saylı binanın həyətində yüksəkmərtəbəli yaşayış binasının inşasına sakinlərin narazılığı ilə bağlı məlumatlar yayılır.
Bildirilir ki, sözügedən ərazidə sahibkar tərəfindən yüksəkmərtəbəli yaşayış binasının tikintisinə icazə verilib, hazlrlıq işləri gedir. Amma sakinlərə heç bir sərəncam göstərilmir. Məlumat üçün bildiririk ki, həqiqətən də, həmin ərazidə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Azərmemarlayihə” Dövlət Baş Layihə institutu tərəfindən işlənmiş şəhərsalma əsaslandırmasına uyğun olaraq, 9 mərtəbəli yaşayış binasının layihələndirilməsinə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə icazə verilmişdir.
Ayrılan torpaq sahəsinin inşaat pasportu hazırlanmış, müvafiq rəylər və texniki şərtlər alınmışdır. Hal-hazırda sənədləşmə işləri başa çatmaq üzrədir.
Bununla əlaqədar rayon İcra Hakimiyyətinin məsul işçilərinin, sahibkarın və digər aidiyyatı qurumların nümayəndələrinin iştirakı ilə həmin ünvanda və rayon İcra Hakimiyyətində görüşlər keçirilmiş və ətraflı izahat işləri aparılmışdır.