Yay tətilinin xoş xatirələr günü
Ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və nəzarəti ilə 2010-2012-ci illərdə aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonra Buzovna qəsəbəsindəki yay istirahət düşərgəsi hər il qızmar yay günlərində Xətai rayonundakı 3 saylı uşaq evi sakinlərinin əsl “yaylağına” çevrilir. Uşaqların istirahətinin mənalı təşkili üçün müxtəlif tədbirlər, səyahətlər təşkil edilir.
Bu tədbirlərin gerçəkləşməsində Heydər Əliyev Fondu ilə yanaşı Xətai Rayon İcra Hakimiyyəti də yaxından iştirak edir
Şənliyinin proqramı başlamazdan əvvəl Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva uşaqların yay istirahət mövsümünün necə keçdiyini soruşdu. Jalə Abdıyeva qeyd etdi ki, təkcə yay istirahət mövsümü deyil, uşaqların bütün mövsümlərdəki həyat tərzini çox yaxından izləyir və diqqətdə saxlayırıq. “Onlara diqqət və qayğı üzərimizə düşən dövlət vəzifələrindən biridir. Bilirsiniz ki, Azərbaycanda kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqların valideyni də, sahibi də dövlətdir. Azərbaycanda ən müxtəlif səbəblərdən ailə istisindən, valideyn nəvazişindən məhrum olmuş uşaqlar, ümumilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından başlayaraq, sevgini də, nəvazişi də, qayğını da məhz dövlətdən, onun rəhbərindən görürlər. Əgər ölkənin Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva özləri biləvasitə bu uşaqların qayğısına qalırlarsa, onların sosial müdafiəsi, yüksək təhsil almaları, istirahətlərinin təşkili ilə ciddi maraqlanırlarsa, demək onlar kimsəsiz deyillər, onların böyük himayədarları, dayaqları var. Onları sevindirmək, nisgil və həsrətlərini unutdurmaq isə sadəcə insanlıq borcudur.
Jalə Abdıyeva bildirdi ki, bu tədbir biləvasitə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razım Məmmədovun təşəbbüsü ilə həyata keçirilir. Tədbir çərçivəsində uşaqları incəsənət ustalarının ifasında böyük konsert proqramı ilə yanaşı Zirə Mədəniyyət Mərkəzi və Eko- Parka maraqlı səyahət gözləyir.
Uşaqlar səliqə ilə bəzədilmiş stolların ətrafında yerlərini tuturlar. Konsert proqramının ilk nömrəsi elan olunandan uşaqlar da mədəniyyət və incəsənət ustalarına qoşulub kimisi rəqsi, kimisi də şeir söyləməklə məharətini göstərməyə çalışdı. Sirk ustalarının nümayiş etdirdikləri nömrələr daha böyük maraqla qarşılandı. Sonra səhnə gənc rəqqaslara verildi. Ritmik musiqi uşaqları da meydana çəkdi. Bu anlar onların çöhrəsində nisgildən, həsrətdən əsər-əlamət belə qalmamışdı. Hamı əylənir, şənlənir və uşaqlıq illərinin xoş xatirələrini yazırdı.
İstirahət düşərgəsindən birbaşa Zirə Mədəniyyət Mərkəzi və Eko – parka gəlirik. Uşaqlara məlumat verilir ki, mərkəzin ərazisinin ümumi sahəsi 10 hektardır. Burada 50 mindən çox müxtəlif növ dekorativ və meyvə ağacları, 100 mindən artıq kol, 1milyona yaxın çiçək və müxtəlif növ gül əkilib. İlk tanışlıq yaşıllıqlar qoynunda ucalan ürək fiquru-"Həyat abidəsi"ndən başlayır. Zirə Mədəniyyət Mərkəzinin foyesində ümummilli lider Heydər Əliyevin bərq vuran büllur abidəsi isə bir anlıq hamının diqqətini özünə çəkir. Sonra uşaqlar böyük maraqla xüsusi yaşıllıq zolaqlarındakı dekorativ şam, kin-konq, şabalıd, mavi sərv, leylandra, sürünən küknar kolları və digər ağac növlərinə tamaşa edirlər.
İDEA resurs mərkəzi, informasiya otağı, şahmat otağı və gimnastika mərkəzi ilə tanışlıqdan sonra uşaqlar parkın ərazində yaradılan atraksionlarda əylənməyə tələsirlər. Beləcə çöhrələrində təbəssüm və sevinc parlayan uşaqların bir yay günü gün batana qədər davam etdi.