Aprel şəhidi Xaliq Əzizzadənin xatirə lövhəsinin açılışı olub
Tarixi aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş Xaliq Əzizzadənin yaşadığı Xətai rayonunun Cavanşir küçəsindəki evin həyətində xatirə lövhəsinin açılışına həsr edilmiş toplantı keçirilmişdir.
Milli Məclisin deputatları Səməd Seyidovun, Qənirə Paşayevanın, Adil Əliyevin və Fuad Muradovun, Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin, rayon ictimaiyyətinin nümayəndələrinin, YAP Xətai rayon təşkilatının üzvlərinin iştirakı ilə keçirilən toplantını Xətai Rayon İcra Hakimiyyətinin İictimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov açaraq bildirdi ki, bu gün Xaliq Əzizzadənin xatirəsini anmaqla torpaqlarımız uğrunda canından keçən bütün şəhidlərimizin anırıq. Bu münasibətlə də toplantı iştirakçılarını bir dəqiqəlik sayğı duruşuna dəvət edən natiq qeyd etdi ki, aprel döyüşləri xalqımızın döyüş ruhunun oyanışını, yağı düşmənə əzmimizi və iradəmizi göstərən bir qəhrəmanlıq tarixidir. Bu tarixi yazan Xaliq və onun kimi yüzlərlə müzəffər Azərbaycan əsgərinin adı milli kimliyimizin xarakterini açan əbədi simvollardır. Bu gün gənc nəsillər, yeniyetmələr məhz onlara üz tutub həyat amallarını seçir, onlara and içib Vətənin müdafiəsinə yollanırlar.
Xətai Rayon İcra Hakimiyyətinin başçısının müavini Jalə Abdıyeva isə çıxışında Aprel döyüşlərinin tarixi əhəmiyyətinə toxunaraq qeyd etdi ki, bu, sadəcə erməni adlı düşmən üzərində qələbə deyildi. Bu həm də Azərbaycanı istəməyən, onun daim zəif və acizliyini arzu edən, heç zaman öz torpaqlarını azad edə bilməyəcəyinə sevinən bütün məkrli xarici düşmənlər üzərində bir qələbə idi. Məhz bu döyüşlərdən sonra düşmənlərimiz təlaş içində anladılar ki, Azərbaycan xalqı öz Ali Baş Komandanının bir əmri ilə Vətənini mənfur düşməndən azad etməyə qadirdir. Hörmətli Prezidentimiz Azərbaycan ordusunun bu zəfərini çox düzgün olaraq belə dəyərləndirir: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir! Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.
Toplantıda çıxış edən millət vəkili Qənirə Paşayeva da Azərbaycan Pezidentininin şəhid əsgərlərimiz haqqında söylədiyi fikirlə çıxışına başladı: “Şəhid hərbçilərimizin xatirəsi bizim qəlbimizdə, Azərbaycan xalqının ürəyində daim yaşayacaq”. Xalqının bu münaqişədən sülhlə çıxmasını daha çox istəyən və buna daha çox çalışan Azərbaycan Prezidentinin, döyüş əmrinə müntəzir olub torpağı qanı ilə sulayan igid əsgərlərimiz haqqında söylədiyi bu ifdəsinin təsdiqi burada düzənlənən toplantı, şəhid balamız Xaliqin adını əbədiləşdirəcək xatirə lövhəsinin açılışıdır. Bu bir daha şairin söylədiyi o gerçəyi bizə xatırladır ki; “Torpaq, uğrunda ölən varsa, Vətəndir”. Aprel döyüşləri qəhrəman Azərbaycan əsgərinin öz torpaqlarını işğaldan azad etmək üçün hər zaman döyüşə hazır olduğunu göstərdi. Bu, torpaqları erməni işğalında olan Azərbaycan üçün çox vacib amil idi”.
Çıxış edən millət vəkilləri Səməd Seyidov, Adil Əliyev və Fuad Muradov qeyd etdilər ki, aprel döyüşlərindəki qələbə, Xaliq qeyrətli minlərlə Vətən oğlunun, bütün Azərbaycan xalqının istəyi idi. Bu müzəffər yürüş həm də ordu ilə xalqın vəhdətinin yaranmasına, biri-birini dəstəkləməsinə bir nümunə oldu. Əsas olan xalqın qələbə inamını, əzmini özünə qaytarmaq idi. Uzun illər torpaqlarının itirilməsinin, məğlubiyyətin acısını yaşayan bir xalq inandı ki, səfərbər olarsa, erməni onun qarşısında dura bilməyəcək. Yəni, aprel döyüşləri bu istiqamətdə müsbət bir atmosferin yaranmasına xidmət etdi”.
Natiqlər vurğuladılar ki, ötən ilin aprelində azad etdiyimiz torpaqlarda bu gün yeni qəsəbələr salınır və 20 ildən çoxdur ki, öz yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlər ilk dəfə olaraq doğma torpaqlarına qayıdırlar. Bu, tarixi bir hadisədir, tarixi qələbədir. Elə buna görə də bütün Azərbaycan xalqı öz əsgərləri ilə, igidlik göstərib şəhid olmuş Xaliq kimi oğulları ilə bu gün fəxr edir.