XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİNDƏ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin və rayon Xidmət idarələrinin rəhbərliyi iştirak ediblər.
Müşavirədə rayon ərazisində görülən işlər barəsində məlumat verilmişdir. Bildirilmişdir ki “Ağ şəhər” layihəsi çərçivəsində əhalinin köçürülməsi və boşaldılmış evlərin sökülməsi əvvəlcədən tərtib edilmiş qrafik üzrə davam etdirilmiş, S.Vəzirov küçəsinin genişləndirilməsi və yenidən gurulması ilə əlaqədar əraziyə düşən obyektlərin sökülməsi, müvəqqəti məskunlaşmış məcburi köçkünlərin köçürülməsi həyata keçirilmişdir.
Həmçinin, Qurban bayramı zamanı humanitar aksiyalar təşkil olunmuş, qurbanlıq heyvanlar kəsilərək rayon ərazisində yaşayan imtiyazlı ailələrə, ictimai birlik və təşkilatların nümayəndələrinə paylanmış, 3 saylı uşaq evində kimsəsiz uşaqlarla görüş keçirilmişdir. Bayram günləri ərəfəsində rayon ərazisində sanitar normaların, təmizliyin təmin olunması üçün tədbirlər görülmüşdür. Qurban bayramı münasibətilə təşkil olunmuş yarmarka və heyvan satış yerləri nəzarətdə saxlanılmış və tədbirdən sonra ərazi təmizlənmiş və dezinfeksiya olunmuşdur.
Müşavirədə rayon ərazisində keçirilən pilot layihələrdə və X.Məmmədov küçəsi 6 saylı ünvanda tikilməkdə olan 120 yerlik körpələr evi-uşaq bağçasında və A. Cəlilov küçəsində binaların fasadlarında təmir işlərinin gedişatı, 2016-2017-ci ilin tədris ilində rayon üzrə Ali məktəblərə qəbulun nəticələri müzakirə olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, həmçinin, rayon İcra Hakimiyyətinə daxil olan ərizə və müraciətlərə vaxtında baxılması və vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması barədə tapşırıqlar vermişdir.