Xətai rayonunda Bilik günü qeyd edilib
15 sentyabr - Bilik günü münasibətilə ölkənin hər yerində olduğu kimi Xətai rayonunun orta ümumtəhsil məktəblərində də bayram tədbirləri keçirilib. Rayonun 257 nömrəli tam orta məktəbində keçirilən tədbirə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov da qatılıb.
Məktəbin direktoru Karat Karatov məlumat verib ki, məktəbin 1176 şagird yerlik mövcud korpusu 1974-cü ildən fəaliyyət göstərir. Məktəbdə 38 sinif, 3 informatika, 3 laboratoriya, idman və akt zalları, yeməkxana var. Bu təhsil ocağının mövcud korpusu Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı Sərəncamla təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq əsaslı təmir edilib. Burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib.
Bu il avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəbə gələrək yeni korpusunda yaradılan şəraitlə tanış olub. Məktəbin yeni tikilən korpusu üçmərtəbəlidir. Foyedə ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsil sahəsinə göstərdikləri diqqəti əks etdirən fotostend quraşdırılıb. Yeni korpus Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planında təhsil sahəsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrasına uyğun olaraq inşa edilib. Burada 24 sinif otağı, 1 informatika kabineti, fizika, kimya və biologiya laboratoriyaları var. 672 şagird yerlik əlavə korpus təhsil ocağında birnövbəli dərs rejiminə keçməyə imkan yaradır. Yeni korpusun istifadəyə verilməsi ilə 257 nömrəli tam orta məktəb 1848 şagird yerlik olmuşdur. Müasir səviyyədə inşa edilən binada videomüşahidə və yanğın xəbərdarlığı sistemləri yaradılıb. Yeni korpus internet, mebel-inventar və digər zəruri avadanlıqla da təchiz edilib. Təhsil müəssisəsinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov məktəbliləri yeni dərs ilinin başlanması və Bilik günü münasibətilə təbrik edib və Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, təhsilin inkişafında Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın gördüyü işlər danılmazdır. Qeyd olunub ki, bu il Xətai rayonu üzrə 5540 nəfər birinci sinfə qədəm qoyur. Yeni tədris ilində ali məktəblərə 1727 nəfər daxil olub. Onlardan 8 nəfəri orta məktəbi qızıl medalla bitirib, 60 nəfər 650-dən yuxarı bal toplayıb, 7 nəfər isə prezident təqaüdünə layiq görülüb.
Çıxış edən YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, şəhid Ədalət Abbasovun anası Gülarə Abbasova, məktəbin məzunu Təbriz Raufoğlu, məktəbin direktor müavinləri Şəhla Xəlilova, Səadət Quliyeva, yeni tədris ilində yüksək bal toplayaraq ali məktəbə qəbul olan məzun Əsmər Hacıyeva ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından söz açıb, yeni dərs ili münasibətilə müəllim və şagird heyətini, xüsusilə də birinciləri təbrik edib, onlara uğurlar arzulayıblar.
Sonra ilk zəng çalınıb və şagirdlər yeni dərs ilinə başlayıblar.