1 oktyabr “Beynəlxalq Ahıllar Günü” təntənəli şəkildə qeyd olundu
01 oktyabr 2012-ci ildə Xətai rayonunda “ahıllar günü” qeyd olunmuşdur.1993-cü ildən başlayaraq, dünyanın hər yerində olduğu kimi, müstəqil Azərbaycanda da 1 Oktyabr Beynəlxalq Ahıllar Günü böyük coşğu ilə qeyd olunur. Bunun bir nümunəsini Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə də görmək olardı. "Venesiya" şadlıq sarayında keçirilən bayram tədbirinə Xətai rayonunun 150-dən artıq ahıl sakini toplaşmışdı. Bayramsayağı bəzədilmiş nahar süfrəsi arxasında oturmuş, əsasən müharibə və əmək veteranlarından, təqaüdçülərdən və tənha qocalardan ibarət toplantı iştirakçılarını Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Xeyrulla Hüseynli salamladı. Natiq rayonun ahıl sakinlərini bayram münasibəti ilə təbrik edərək bildirdi ki, yaşlılara, ağsaqqallara qayğı və ehtiram göstərmək yüksək insani keyfiyyətdir. Ona görə ahıllara, qocalara, yaşlı insanlara hörmət və ehtiram xalqımızın uzun əsrlərdən gələn adət-ənənəsi olmuşdur. Məhz bu səbəbdən bu bayram bizim üçün daha əzizdir. Biz yaşlı nəslə ehtiramın və qayğının ali nümunəsini ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətinin bütün mərhələlərində görmüşük. Məhz onun ciddi səyləri və təşəbbüsü ilə 2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.
Natiq sonra dövlətin ahıllara sosial qayğısından, onların hüquqlarının qorunması üçün görülən tədbirlərdən ətraflı danışaraq bildirdi ki, Ulu Öndərin bu yöndəki siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqil Azərbaycanın iqtisadi potensialı artdıqca əhalinin bu təbəqədən olan sakinlərinin sosial problemlərinə daha böyük diqqət göstərilir.
Çıxışının sonunda ağbirçək və ağsaqqalları bayram münasibəti ilə bir daha təbrik edən X.Hüseynli cəmiyyətin bu insanlara həmişə ehtiyacı olduğunu, onların həyat təcrübəsinin gənclər üçün örnək olduğunu dilə gətirdi.
Sonra Xətai Rayon Ağsaqqallar Şurasının sədri Qurban Əlizadə çıxış edərək Azərbaycan hökumətinin öz yaşlı sakinlərinə diqqət və qayğısından razılığını bildirdi. Respublikada yaradılan əmin-amanlığa, iqtisadi tərəqqiyə və dinamik inkişafa görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıq edən el ağsaqqalı daha sonra bildirdi ki, bu gün biz qocalar, yaşlı nəslin nümayəndələri ölkədəki bu inkişafı görəndə sevincimizin həddi-hüdudu olmur. Çünki bu bizdə nəvə və nəticələrimizin, kötükcələrimizin gələcəkdə inkişaf etmiş qabaqcıl bir ölkədə yaşayacağına qəti əminlik yaradır.
Q.Əlizadə son illər respublikanın hər yerində olduğu kimi, Xətai rayonunda da həyata keçirilən quruculuq və abadlıq işlərini yüksək qiymətləndirdi.
Tədbir incəsənət ustalarının bayram konserti ilə axşama qədər davam etdi. Ahıllar şux gənclik illərini yada salaraq qol açıb rəqs edir, şeir söyləyir və bayrama yeni bir rəng qatırdılar.