Şriftin ölçüsü :

Saytın rəngi :

TƏRBİYƏ MÜƏSSİSƏSİNDƏ MİNİ–FUTBOL TURNİRİ KEÇİRİLMİŞDİR

06 oktyabr 2017 | 11:00

   6 oktyabr 2017-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə Müəssisəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Xətai rayonu Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə mini-futbol oyunu keçirilmişdir.
   Yarışmada Tərbiyə Müəssisəsində cəza çəkən yeniyetmələrdən ibarət futbol komandası ilə Xətai rayonu 63 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət futbol komandası qarşılaşmışlar. Oyunun əvvəlində Tərbiyə Müəssisəsinin rəisi vəzifəsini icra edən, ədliyyə polkovnik - leytenantı Aydın Nəzərov tədbiri giriş sözü ilə açdıqdan sonra sözü qonaqlara vermişdir. Açılış mərasimində Xətai rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov çıxış edərək ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi, o cümlədən, yeniyetmə və gənclər arasında keçirilən tədbirlər arasında idman yarışlarına üstünlük verilməsini vurğulamış, iştirakçılara uğurlar arzulamışlar. Tədbirdə o cümlədən, Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin böyük inspektoru, ədliyyə kapitanı Raul Məmmədov, Xətai rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Tural Əhmədli iştirak etmişlər. Olduqca maraqlı və gərgin oyun şəraitində keçən yarışmanın əsas hissəsi 6:6 hesabı ilə başa çatdıqdan sonra qalibi müəyyən etmək üçün 7 metrlik zərbələrdən istifadə edilmiş və tərbiyə müəssisəsində cəza çəkən yeniyetmələrdən ibarət futbol komandası 4:2 hesabı ilə qalib gəlmişdir.

Sonda yarış iştirakçıları Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif edilmişdir.

Keçidlər