Xətai rayonunun 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi
13 oktyabr tarixdə rayon İcra Hakimiyyətində 2017-ci ilin 9 ayında rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar icra hakimiyyətinin başçısı yanında şuranın hesabat yığıncağı keçirilmişdir.
Geniş məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov bu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar Nazirlər Kabinetinin oktyabrın 9-da keçirilmiş iclasında Prezident İlham Əliyevin nitqində qeyd edilən məsələlərə toxunaraq bildirdi ki, dövlət başçısının qöstərdiyi rəqəmlər ölkəmizin sosial–iqtisadi inkişafının durmadan davam etdiyini göstərir. Ölkə başçısının vurğuladığı kimi “Bütün sahələrdə dinamik inkişaf təmin olunmuşdur. Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Bu, son illərdə apardığımız siyasətin nəticəsidir. Çünki qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımız həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır. Qeyri-neft sektorunun sənaye hissəsi də uğurla inkişaf edir. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artmışdır. Bu da sənayeləşmə siyasətimizin gözəl nəticəsidir”.
Razim Məmmədov vurğuladı ki, dövlət başçısının qeyd etdiyi uğurlarda Xətai rayonunun da özünəməxsus payı var. Çünki rayonun sosial–iqtisadi inkişaf konsepsiyasının əsasını ölkə başçısının irəli sürdüyü tərəqqi və inkişaf strategiyasının qarşıya qoyduğu vəzifələr təşkil edir. Məhz bu strateji vəzifələrin yerinə yetirilməsinin nəticəsidir ki, Xətai rayonunda 2017-ci ilin 9 ayında 954 milyon 679,1 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye istehsalının 9,1 faizi məhsul istehsalının, 90,6 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüşdür. Sənaye məhsullarinin və xidmətlərin 899 milyon 372,9 min manatlığı və ya ümumi istehsalın 94,2 faizi dövlət sektorunda, 55 milyon 306,2 min manatlığı və ya ümumi istehsalın 5,8 faizi qeyri-dövlət sektorunda istehsal edilmişdir. İstehlakçılara 957 milyon 573 min manatlıq və ya bütün sənaye istehsalının 100,3 faizi qədər sənaye məhsulu göndərilmişdir.
İcra baçşısı vurğulamışdır ki, iqtisadi inkişaf əhalinin gəlirlərinin də müvafiq şəkildə artmasına səbəb olmuşdur. Hazırda işçilərin orta aylıq əmək haqqı sənayedə 766, 4 manat, informasiya və rabitə müəssisələrində 657,7 manat, nəqliyatda 995 manat, inşaat sektorunda isə 1595 manat təşkil etmişdir. Bu da onu göstərir ki, hesabat dövründə işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 8,6 faiz artaraq 837,3 manat olmuşdur.
Əhalinin məşğulluq məsələsinə gəldikdə isə Razim Məmmədov qeyd etdi ki, Prezidentin qarşıya qoyduğu bu məsələ hər zaman gündəlikdədir. Bunun nəticəsidir ki, ötən 9 ayda rayonda 5 min 107 yeni iş yeri açılmışdır. Onlardan hamısı daimi iş yerləridir. Əlbəttə, əhalinin işlə təmin edilməsi biləvasitə onların yaşayış səviyyəsini, rifahını yaxşılaşdıran əsas amildir.
Hesabat məruzəsində qarşıdan gələn qış mövsümü ilə əlaqədar görülən işlərə də geniş yer ayrıldı və qeyd olundu ki, hazırda rayon sakinlərinin elektrik enerjisi, qaz, su və istiliklə fasiləsiz təmin olunması üçün müvafiq tədbirlər görülməsinə baxmayaraq, icra hakimiyyətində operativ qərargah yaradılımışdır. Onlar əhali, orta və məktəbəqədər təhsil, digər dövlət müəssisələri tərəfindən daxil olan məlumatları dərhal araşdırır və müvafiq qurumlarla problemi qısa zamanda aradan qaldırırlar.
Razim Məmmədov rayonda aparılan tikinti işlərindən danışarkən miqyasına görə regionun ən nəhəng layihələrindən olan “Ağ şəhər” layihəsinin böyük uğurla reallaşdırıldığını qeyd edərək bildirdi ki, layihənin əhatə etdiyi ərazilərdən əhalinin köçürülməsi, onlara konpensasiyaların ödənilməsi və söküntü işləri plana uyğun davam etdirilir. Abadlaşdırma layihələri çərçivəsində köhnə mənzil fondunun yenilənməsi layihəsi üzrə 5 çoxmərtəbəli binada təmir işləri davam etdirilir. Bütövlükdə ötən 3 rübdə 478 milyon 781, 4 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4,9 dəfə çoxdur.
İcra başçısı məruzədə yol ifrastrukturunun yaxşılaşdırılması, nəqliyyatın normal gediş-gəlişinin təmin edilməsi, rayonun ekoloji və sanitar vəziyyətinin yüksək səviyyədə saxlanması, əhalinin pulsuz tibbi müayinəsi, başa çatan 2016-2017-ci tədris ilində rayonun orta məktəb məzunlarının ali məktəblərə qəbulu, çoxmərtəbəli binalarda köhnə yararsız liftlərin yeniləri ilə əvəzlənməsi, sakinlərdən daxil olan ərizə və şikayətlərə baxılması və bir çox digər məsələlər haqqında da geniş məlumat verdi. Qeyd edildi ki, görülən bütün işlərin mərkəzində Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması durur. Respublika Prezidentinin qeyd etdiyi kimi, hər bir dövlət məmuru xalqın xidmətçisi olmalıdır və onun sosial rifahının, həyat və məişətinin yaxşılaşdırılmasına xidmət etməlidir.
Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, icra aparatının şöbə müdirləri Pənah İmanov, Etibar Əhmədov, Mənzil Kommunal Təssərüfat Birliyinin baş mühəndisi Sahib Babayev, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi Mehman Qurbanov məruzə ətrafındakı çıxışlarında bu ilin doqquz ayında rayonda görülən işləri qənaətbəxş hesab etdilər. Çıxışlarda vurğulandı ki, dünyada dərinləşən iqtisadi böhrana və müxtəlif regionlarda gedən münaqişələrə və qarşıdurmalara baxmayaraq, Azərbaycanda tam siyasi sabitlik hökm sürür və ölkə əhalisinin sosial rafahı durmadan yaxşılaşır.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri də müzakirə olundu.
Tədbirdə həmçinin, rayon Ağsaqqallar Şurasının sədri, Respublika Ağsaqqallar Şurasının üzvü, qocaman pedaqoq Qurbanəli Əlizadə 89 yaşının tamam olması münasibətilə təbrik edildi və hədiyyə təqdim olundu.