Xətai rayonunda “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirildi
Xətai Rayon İcra Hakimiyyəti YAP Xətai rayon təşkilatı ilə birgə 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə rayonun 55 saylı məktəbində “Müstəqilliyimiz əbədidir” mövzusunda toplantı keçirmişdir.
Rayonun təhsil, mədəniyyət müəssisələrinin, idarə və təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov “Müstəqilliyimiz əbədidir” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Natiq qeyd etmişdir ki, XX əsrin sonlarında Sovetlər Birliyinin dağılmasından sonra yaranan tarixi şərait, xalqımızın azadlıq və müstəqillik mücadiləsi Azərbaycan Respublikasına özünün dövlət müstəqilliyini bəyan etmək fürsəti verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetində dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildi. Beləcə 26 il əvvəl xalqımız, uzun illər həsrətində olduğu azadlığa qovuşdu və Azərbaycan Respublikası suveren dövlət kimi dünya birliyinin sırasında öz yerini almağa başladı.
Müstəqilliyə gedən bu yolun mürəkkəb siyasi proseslərlə, qanlı-qadalı hadisələrlərlə müşayiət edildiyini vurğulayan Pənah İmanov qeyd etdi ki, müstəqilliyimizin bəyan edilməsindən heç 2 il keçməmiş, onu itirmək, Azərbaycan parçalanmaq təhlükəsi ilə qarşılaşdı.Yalnız 1993-cü ilin iylunda ümummilli lider Heydər Əliyev xalqın tələbi və öz qəlbinin hökmü ilə hakimiyyətə qayıtdıqdan sonra, şəhidlərimizin qanı bahasına qazanılan azadlıq və müstəqillik dahi liderin dərin zəkası, fitri siyasi istedadı və beynəlxalq nüfuzu sayəsində xilas edildi.
Natiq müstəqilliyin ilk dövründə baş verən hadisələri tarixi ardıcıllıqla qeyd edərək göstərdi ki, Heydər Əliyevə iqtisadiyyatı dağılmış, Ermənistanla Dağlıq Qarabağ savaşında məğlub duruma düşmüş, minlərlə qaçqının çöllərə səpələndiyi, anarxiya və separatizmin meydan suladığı, vətəndaş müharibəsi həddində olan viranə bir məmləkət miras qalsa da, böyük dövlət xadiminin gərgin səylərindən sonra tarix üçün çox qısa bir zamanda müstəqil Azərbaycan regionun lider dövlətinə, beynəlxalq iqtisadi-siyasətin maraq mərkəzlərindən birinə, bu siyasəti müəyyənləşdirən qüdrətli dövlətlərin mühüm iqtisadi tərəfdaşına çevrilirdi.
Pənah İmanov vurğuladı ki, 2003-cü ildə xalq Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, müstəqilliyin inkişaf strategiyasını davam etdirmək missiyasını ulu öndərin sədaqətli silahdaşı, siyasi varisi, özü kimi inandığı İlham Əliyevə etibar etdi. Bu gün o tarixdən 14 il, müstəqilliyimizin bərpasından isə 26 il keçir. İndi bizim qarşımızda tam yeni, müasir demokratik bir ölkə, sosial-iqtisadi dayaqları möhkəm olan bir Azərbaycan durur.
İlham Əliyevin 14 illik hakimiyyətindən sonra Azərbaycan demokratik dəyişiliklərin dönməz xarakter aldığı, siyasi sistemin ölkə qarşısında duran çağırışlara adekvat cavab verdiyi keyfiyyətcə yeni və daha möhtəşəm bir dövlətə çevrilib. Prezidentin çevik siyasi və iqtisadi islahatları nəticəsində ölkəda sabit bir inkişaf modeli yaranmış və bu modelin sayəsində respublika sənayenin inkilaf tempinə, gəlirlərin səviyyəsinə və əhalinin rifah halına görə regionun lider dövləti mövqeyini daha da möhkəmləndirmişdir.
Toplantıda çıxış edən digər natiqlər də ulu öndərin müstəqilliyimizin xilası və möhkəmlənməsi naminə gördüyü işlərdən bəhs edərək bildirdilər ki, 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi beynəlxalq əlaqələrində kəskin dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə start verildi. Bu strateji xətt Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymuş, Azərbaycanın həm iqtisadi qüdrətini, həm müdafiə qabiliyyətini, həm də beynəlxalq siyasi mövqeyini son dərəcə möhkəmləndirmişdir.
Tədbirdə məktəbin yuxarı sinif şagirdləri müstəqilliyimizə həsr edilmiş şeirlər səsləndirdilər. Sonda tədbir iştirakçıları “Müstəqilliyimiz əbədidir” sənədli filminə tamaşa etdilər.