Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı “Ağ şəhər” layihəsi çərçivəsində köçürülmə ərazisinə düşən evlərin sakinlərini qəbul etdi

21 oktyabr 2017 | 11:00

    Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov rayon Polis İdarəsinin rəis müavini Fəxrəddin Əliyevin, rayon İcra Hakimiyyəti Aparatının məsul işçilərinin, rayon MKTB, rayon Xətai və Əhmədli bələdiyyələrinin sədrləri,  xidmət sahələrinin rəhbərləri və digər məsul şəxslərin iştirakı ilə keçirilən görüşdə   “Ağ şəhər” layihəsi çərçivəsində “Turşu küçəsi” adlandırılan ərazidə  əhalinin köçürülməsi və söküntü  işləri ilə əlaqədar bir qrup vətəndaşın qaldırdığı problemləri dinlədi.
       Vətəndaşlar Şamil Abbasov, Səmayə Əzizova, Svetlana Əhmədova, Sərdar Nağıyev, Elçin Əhmədov, Fazil Məmmədov və başqaları əsasən, onlara ayrılan kompensasiyanın az olmasından, evlərinin xəbərdarlıq edilmədən sökülməsindən narazılıq etdilər . Belə ki, yaşayış sahəsi üçün hər kvadratmetrə 1000 manat deyil, 1500 manat ödənilməsini tələb edirlər. Eləcə də,  bəzi vətəndaşlar tərəfindən  süni  şəkildə artırdıqları əlavə tikililəri - köməkçi və ya təsərrüfat sahələrinin də sahəsinin yaşayış sahələri kimi hesablanmasını tələb edir, digərləri isə o ərazidə yaşadıqlarını nəzərə alaraq onların “Ağ Şəhər” ərazisində mənzillə təmin edilmələrini istəyirlər.
      Həmçinin, vətəndaşlar bildirdilər ki, dünəndən evlərə qaz, işıq və su verilməsi dayandırılıb. Havalar da soyuduğunda  bu hal əlavə çətinliklər yaradır.
       Bu şikayətlə əlaqədar xidmət sahələrinin rəhbərləri izahat verərək bildirdilər ki, bu tədbirlər baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısının alınması və təhlükəsizlik nöqteyi-nəzərindən həyata keçirilir.
       Bütün  müraciət və izahatları dinlədikdən sonra Razim Məmmədov diqqətə çatdırdı ki, Bakı “Ağ şəhər” layihəsi 2007-ci ildə təsdiq olunub və həmin ildən etibarən də əlaqədar qurumlar tərəfindən ərazidə inventarlaşma işləri aparılıb, bütün evlərin sahələri ölçülüb, foto və video çəkilişləri aparılıb. Ərazidən əhalinin köçürülməsi, kompensasiyaların ödənilməsi və qarşıya çıxacaq problemlərin operativ həlli ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılıb.  Bu gün də həmin layihəyə düşmüş ərazilərdən evlərin, sosial obyektlərin mərhələ-mərhələ köçürülməsi və boşaldılmış evlərin sökülməsi işləri aparılır. Bu mərhələdə köçürülməsi nəzərdə tutulan 211 evdən artıq 169-nun kompensasiyası ödənilmiş, evlər boşaldılmış və boşaldılmış evlər sökülmüşdür. Və bütün bu tədbirlər mövcud qanunvericilik və normativ sənədlər əsasında aparılır.
     Razim Məmmədov göstəriş verdi ki, narazı sakinlərin müraciətləri bir daha komissiya tərəfindən onların iştirakı ilə araşdırılsın və məsələnin müsbət həllinə nail olunsun.  Xidmət sahələri isə əraziyə bir daha baxış keçirsin, mümkün imkanlar çərçivəsində sakinlərin köçürülməsinə qədər qaz, işıq, su verilməsi müvəqqəti olaraq bərpa edilsin və digər  zəruri tədbirlər görülsün.
   Sakinlər qəbuldan məmmunluqlarını bildirərək təşəkkür etdilər.


    

Keçidlər