Şagirdlər arasında “Breyn-ring” intellektual oyunu keçirildi
Rəşid Behbudov adına Mahnı Teatrında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqillik gününə həsr olunmuş Bakı şəhəri üzrə orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Breyn-ring” intellektual oyunu keçirilib.
Tədbirdə Baş İdarənin rəisi Raqif Abbasov və Xəzər İntellektual Gənclər Klubunun sədri Seymur Teymurov məktəbliləri salamlayıb, onlara bu yarışmada uğurlar arzulayıblar.
Yarışda 22 komanda iştirak edib. Nəticələrə görə I yerə Binəqədi rayonunun “Pandora” komandası, II yerə Nəsimi rayonunun “Qafqaz-Klan” komandası, III yerə isə Xətai rayonunun “Zəkalar” komandası layiq görülüblər. Qalib gəlmiş komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.
Tədbirin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, torpağımızın tarixini daha dərindən öyrənməkdən ibarətdir.