“Ölkəmizi tanıyaq” devizi altında keçiriləcək tur-aksiyada iştirak edəcək məktəblilər və onların valideynləri ilə görüş keçirildi
23 oktyabr 2017-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” devizi altında keçiriləcək yeddinci tur aksiyada iştirak edəcək məktəblilər, onların valideynləri və məktəb direktorları ilə görüş keçirildi.
Görüşdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva qeyd etmişdir ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə ənənəvi olaraq keçirilən bu maarifləndirici layihənin əsas məqsədi ölkə məktəblilərinin Respublikamızın ərazisini yaxşı tanımaları, tarixi yerlərlə yaxından tanış olmaları, tətil günlərini səmərəli keçirmələri, digər rayon və şəhərlərdən olan həmyaşıdları ilə tanış olmaqlarıdır. Bildirildi ki, “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq. Həmçinin, gənclərimizə ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini öyrətməklə yanaşı, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, ölkə başçımız cənab İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacaq.
9-11-ci sinif şagirdləri üçün noyabr ayının 16-19-da Gəncə-Şəmkir-Göy-Göl istiqamətində keçiriləcək bu tədbirdə dərsə davamiyyəti,təhsil, idman, incəsənət sahələrində seçilən, yüksək göstəricilərə malik olan 40 şagirdi 5 məsul şəxs müşayət edəcək – rayon İcra Hakimiyyətinin nümayəndəsi, üç müəllim və bir həkim.
Tədbirdə rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov tur–aksiyanın marşrutu və proqramı barədə tədbir iştirakçılarına məlumat verdi, sualları cavablandırdı.