Xətai rayonunda “Şəhadət” filminin nümayişi oldu
Oktyabrın 24-də Xətai Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Xətai rayonu 5 nömrəli Bakı Peşə Liseyində Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi nümayiş olunub.
Tədbirdə Xətai RİH Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Vasif Musayev və Fidan Aslanova, Xətai rayon Gənclər və İdman İdarəsinin müdiri Əfqan Rzayev, ziyalılar və ağsaqqallar, aprel şəhidlərinin ailə üzvləri, ictimaiyyət nümayəndələri, məktəb müəllimləri və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xətai RİH Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, Ulu öndər Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin inkişaf etdirdiyi Azərbaycan dövləti hakimiyyətin həyata keçirdiyi düzgün və düşünülmüş siyasət nəticəsində həm bölgənin liderinə, sabitlik məkanına, həm də tolerant və multikultural mühitin əsas ünvanına çevrilib. P.İmanov Azərbaycanın İslam ölkələri ilə əməkdaşlıq əlaqələrinin inkişafından, dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi, islamofob dairələr tərəfindən İslam dininə qarşı təşkil edilən kampaniyanın qarşısının alınması və digər təhdidlərin aradan qaldırılması məsələlərinə böyük önəm verilməsindən söz açıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsləhətçisi Fidan Aslanova çıxışında bildirdi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə “İslam həmrəyliyi ili”nin elan edilməsi olduqca mühüm tarixi, eyni zamanda mənəvi-siyasi əhəmiyyət kəsb edən məsələdir. Bu həm İslam aləmi daxilində, həm də dünyada müxtəlif sivilizasiyalar arasında həmrəyliyə töhfə vermək deməkdir. F.Aslanova dövlət-din münasibətlərinin sağlam təməllər üzərində formalaşaraq dövlətçiliyimizin möhkəmlənməsinə xidmət etdiyini, əksər müsəlman cəmiyyətlərindən fərqli olaraq, Azərbaycanda müqəddəs dinimiz xalqımızı birləşdirən, həmrəy edən, dövlətimizin möhkəmlənməsinə xidmət edən dəyər olduğunu vurğuladı.
Filmin nümayişindən sonra Xətai rayon “Rayon Ağsaqqallar Şurası”nın sədri Qurban Əlizadənin, “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş şəhid Çingiz Qurbanovun atası Salman Qurbanovun və ziyalıların çıxışları dinlənildi.