Şriftin ölçüsü :

Saytın rəngi :

Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması işləri davam edir

25 oktyabr 2017 | 11:00

   Qəzalı vəziyyətdə olan binalarda məskunlaşan məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması" layihəsi çərçivəsində görülən işlər davam edir. 25.10.2017-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətində mənzillərin paylanılması üçün növbəti püşkatma keçirilib. Gəncə prospektində yararsız binada məskunlaşan məcburi köçkün ailələri Abşeron rayonunun Masazır  qəsəbəsində yeni inşa olunmuş binaya köçürülürlər.
   
   Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov yurd-yuvalarından didərgin düşən bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılması, iş, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi istiqamətində görülən işlərdən danışdı. Diqqətə çatdırıldı ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu humanist siyasət hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Vurğulandı ki, Mehriban Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkünlərin problemlərinə həsr etməsi, onların bir qisminə Masazır və Mehdiabad qəsəbələrində yeni mənzillərin verilməsi, Qaradağ rayonunun Lökbatan qəsəbəsi yaxınlığında 1026 ailəlik yeni qəsəbənin təməlinin qoyulması və oktyabrın 5-də  Masazır və Ramana qəsəbələrində yeni tikilmiş binaların açılışında iştirakı böyük həssaslıq və humanistlik nümunəsidir.

   Tədbirdə çıxış edən Xətai rayon icra hakimiyyəti başçısının müavini Teymur Əzizov "Qəzalı vəziyyətdə olan binalarda məskunlaşan məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması" layihəsi çərçivəsində rayonunda görülən işlər barədə məlumat verdi. Sonra püşkatma mərasimi keçirildi.
   
Yeni mənzil alan məcburi köçkünlər bildirdilər ki, qəzalı binalardan yeni inşa olunan və tam təmirli mənzillərə köçürülmə prezident İlham Əliyevin onlara olan qayğısının və dövlətimizin qüdrətinin göstəricisidir.

  Bu dəfəki püşkatma zamanı 125 ailə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 5 mərtəbəli tam mənzilli yeni yaşayış binalarına köçürülüblər.

Keçidlər