Şriftin ölçüsü :

Saytın rəngi :

Məcburi köçkünlərin yeni mənzillərə köçürülməsinə başlanılıb

27 oktyabr 2017 | 11:00

   Qəzalı vəziyyətdə olan binalarda məskunlaşan məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması" layihəsi çərçivəsində Gəncə prospektində yararsız binada məskunlaşan məcburi köçkün ailələrinin  Abşeron rayonunun Masazır  qəsəbəsində yeni inşa olunmuş binaya köçürülməsi işlərinə başlanılıb.
   Artıq iki gündür ki, Xətai rayonunun Gəncə prospekti 20 ünvanda yerləşən, yararsız və qəzalı vəziyyətdə olan binadan müvəqqəti məskunlaşmış məcburi köçkünlərin Masazır qəsəbəsində inşa olunmuş yeni binaya köçürülməsi həyata keçirilir. Xətai rayon İcra Hakimiyyətinin, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, rayon bələdiyyəsinin və Xidmət sahələrinin nümayəndələrinin bilavasitə iştirakı ilə keçirilən bu tədbirdə əhalinin operativ və problemsiz köçürülməsi üçün maksimum rahat şərait təmin edilmişdir.
   Məlumat verildiyi kimi, bir neçə gün əvvəl Xətai rayon İcra Hakimiyyətində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov, Xətai rayon icra hakimiyyəti başçısının müavini Teymur Əzizovun və digər məsul şəxslərin iştirakı ilə  püşkatma mərasimi keçirilmişdir. Yeni mənzil alan məcburi köçkünlər yeni mənzillərə köçürülmələri ilə əlaqədar dövlət başçısı prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya  onlara göstərilən bu diqqət və  qayğı üçün  minnətdarlıqlarını bildirmişlər.

 

 

 

Keçidlər