Oktyabrın 27-də Bakı Biznes Mərkəzində Yapon Məhsulları Sərgisinin (“Japan Food Expo-2017”) açılış mərasimi keçirilib.
Sərginin açılış mərasimində iştirak edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev bildirib ki, Azərbaycan ilə Yaponiya qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrini yüksək səviyyədə inkişaf etdirir, Yaponiya şirkətləri Azərbaycanda bir sıra infrastruktur layihələrində fəal iştirak edir.
1998-ci il fevralın 24-28-də ulu öndər Heydər Əliyevin rəhbərliyi altında böyük nümayəndə heyətinin Yaponiyaya rəsmi səfərini xatırladan Qafar Əliyev həmin səfər zamanı Yaponiya ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın bünövrəsini qoyan çoxsaylı müqavilələrin imzalandığını deyib. Həmin səfər zamanı Yaponiyanın bir sıra nazirləri və şirkət rəhbərləri ilə görüşlərin keçirildiyini, o zaman Yaponiyanın rəhbər şəxslərinin Azərbaycan onlar üçün etibarlı, inkişaf etmiş bir tərəfdaş ölkə olduğunu və Yaponiyanın hər zaman Azərbaycana investisiya yatırmağa hazır olduğunu xatırladıb.
“Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyada rəsmi səfərdə olub, hər iki ölkədə səfirliklər açılıb və dostluq münasibətlərinin daha da inkişafının təməli qoyulub. Onlarla Yaponiya şirkəti Azərbaycanda fəaliyyət göstərir, bir çox məktəblərin, xəstəxanaların təmir edilməsi, tikilməsində bu şirkətlər fəal iştirak edirlər”, - deyən Q.Əliyev Azərbaycan-Yaponiya əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb.
Milli Məclisin deputatı Məlahət Həsənova Azərbaycan və Yaponiya xalqlarının dostluq münasibətlərindən bəhs edib, hər iki xalqın ortaq cəhətlərindən danışıb. Bu münasibətlərin xalqlarımızı və dövlətlərimizi bir-birinə daha da yaxınlaşdırmaq üçün mühüm rol oynadığını bildirib.
Azərbaycanda Yapon Məhsulları Sərgisinin İdeya müəllifi və sərginin İdarə Heyətinin sədri Kazuyasu İşida bildirib ki, Azərbaycan və Yaponiya bir çox dəyərlərə sahibdir. Bu dəyərlərin daha çox inkişafı üçün biz də bu sərgi ilə öz töhfəmizi verməyə çalışırıq. Sərginin təşkilində Azərbaycan tərəfinin dəstəyi də xüsusi qeyd edilməlidir. K.İşida hesab edir ki, belə sərgilər Yaponiya və onun xalqının digər ölkələrdə tanınması üçün vacib rol oynayır.
Onun sözlərinə görə, “Japan Food Expo-2017” sərgisində 2000-dən çox Yaponiya məhsulu nümayiş etdirilir. Sərgidən əvvəl Yaponiyanın Komatsu şəhərindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təyyarə ilə 5 tondan artıq məhsul göndərilib. Sərgidə nümayiş etdirilən eksponatlara qida və kosmetika məhsulları, geyim əşyaları, Yaponiyanın mədəniyyətini özündə əks etdirən suvenirlər daxildir. Sərgidə iştirak edən Yaponiya şirkətlərinin nümayəndələrindən bəziləri Azərbaycanda yerli nümayəndəliklərini açmaq niyyətindədirlər və bu ölkəyə investisiya yatırmağa maraq göstərirlər.
Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov isə Xətai rayonundakı Heydər Əliyev Parkı ərazisində 2015-ci ildə “Yapon bağı”nın salındığını deyib. O, rayon rəhbərliyinin adından sərgi iştirakçılarını oktyabrın 29-da həmin bağla tanış olmağa və rayon ictimaiyyəti nümayəndələri ilə görüşə dəvət edib. Bu bağın Bakı sakinlərinin gözəl istirahət məkanlarından biri olduğunu deyən P.İmanov bu cür hadisələrin ölkələrin daha da yaxınlaşmasına, mədəni əlaqələrin qurulmasına verdiyi töhfədən bəhs edib.
Daha sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev bildirib ki, Yaponiya məhsullarına Azərbaycanın iş adamları və vətəndaşları tərəfindən böyük maraq var. Həmçinin ölkəmizin məhsulları da Yaponiya bazarlarında satılır. AZPROMO növbəti illərdə Azərbaycan Məhsulları Sərgisinin Yaponiyanın paytaxtı Tokio və digər şəhərlərində təşkil edilməsini planlaşdırır. Hər iki ölkə bu sərginin təşkilində maraqlıdır.
Qeyd edək ki, oktyabrın 27-28-ni əhatə edən “Japan Food Expo-2017” sərgisi Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi çərçivəsində təşkil olunub. Sərgidə Yaponiyanın 60-dan çox şirkətinin məhsulları nümayiş etdirilir, tədbirə Yaponiyadan 200 nəfər gəlib. Sərgi çərçivəsində müxtəlif tamaşalar, oyunlar da təşkil olunacaq.
https://azertag.az/xeber/Bakida__quotJapan_Food_Expo_2017_quot_sergisi_achilib_VIDEO-1106425