İlham Əliyev Bakının Əhmədli yaşayış massivindəki Rahib Məmmədov küçəsində yenidən qurulan parkda yaradılmış şəraitlə tanış olmuşdur
Prezident İlham Əliyev Bakının Xətai rayonunun Əhmədli yaşayış massivindəki Rahib Məmmədov küçəsində yenidən qurulan parkda yaradılmış şəraitlə tanış olmuşdur.
Paytaxtın digər rayonları kimi, Xətai rayonunda da mühüm sosial infrastruktur layihələri həyata keçirilir. Rayonun inkişaf etdirilməsi istiqamətində atılan addımlar, həyata keçirilən uğurlu layihələr paytaxtın mənzərəsini daha da gözəlləşdirir. Təbii ki, vətəndaşlarımızın rifahını, onların rahatlığını hər zaman diqqət mərkəzində saxlayan dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində hazırda paytaxtda park və xiyabanların salınmasına ciddi fikir verilir. Bu işlər zövqlə, yüksək peşəkarlıqla yerinə yetirilir.
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Bakının inkişafı ilə bağlı icra olunan layihələr şəhər həyatının ayrılmaz parçasına çevrilir. Şübhəsiz ki, paytaxtın gözəlliyinə yeni salınan və əsaslı təmir edilən parklar öz töhfəsini verir. Əhmədli yaşayış massivindəki Rahib Məmmədov küçəsində yenidən qurulan park da bu sahədə həyata keçirilən işlərin tərkib hissəsidir.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, əhalinin sıx yaşadığı bu ərazidə sakinlərin istirahətinin təşkili məqsədi ilə geniş imkanlara malik istirahət zonası yaradılmışdır. Ərazisi 1,8 hektar olan istirahət mərkəzində müasir üslubda fəvvarələr kompleksi qurulmuş, diametri 20 metr olan musiqili fəvvarə yaradılmışdır. Müasir işıqlandırma sistemi ilə təchiz edilən fəvvarə müxtəlif rəng çalarlarına malikdir. Burada quraşdırılan şəlalə parka xüsusi gözəllik verir. Parkda monitor da quraşdırılmışdır.
Parkda uşaqlar üçün əyləncə kompleksi yaradılmışdır. Buradakı ana və uşaq kafesi, əyləncə sahəsi, müxtəlif attraksionlar və sürüşkənlər balacaların istirahətinin maraqlı və yaddaqalan olmasına imkan verəcəkdir. Min kvadratmetrlik kompleks paytaxt parklarının içərisində ən böyük əyləncə mərkəzlərindən biridir. Bununla yanaşı, rayonun florasının zənginləşdirilməsi məqsədi ilə 7 min kvadratmetr ərazidə yaşıllıq salınmışdır. İstirahət məkanında dekorativ ağac və gül kolları əkilmiş, avtomatik suvarma sistemi qurulmuşdur. Parkboyu bütün binalar müasir, zövq oxşayan forma və üslubda bərpa edilmiş, fasadları yenilənmişdir.
Aparılan quruculuq və abadlıq işləri, yeni park və xiyabanların salınması sayəsində bu gün paytaxtımız yeni görkəm almış və dünyanın ən gözəl şəhərləri sırasında öz yerini daha da möhkəmləndirir. Bakının inkişafı ilə bağlı həyata keçirilən tədbirlər hər gün paytaxtın gözəlliyini daha da artırır. Doğma Bakımızın simasına xüsusi yaraşıq verən bu parklar ölkəmizdə aparılan geniş abadlıq-quruculuq işlərinin daha bir nümunəsidir.