Rayon İcra Hakimiyyətində Gəncə prospektində qəzalı binada yaşayan sakinlərin qəbulu keçirilib
02.11.2017-ci il tarixdə Gəncə prospekti, məhəllə 2981-də torpaq sürüşməsi nəticəsində yararsız hala düşmüş binada məskunlaşan məcburi köçkün ailəsi olmayan bir qrup sakin rayon İcra Hakimiyyətinə müraciət etmişdir.
Sakinləri rayon İcra Hakimiyyətinin başçısının müavini Teymur Əzizov, rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Əvəz İsmayılov, rayonun memarı Vadim Surxayev qəbul etmişlər.
Sakinlər yaşadıqları binanın qəzalı vəziyyətdə olmasını, orada yaşayan məcburi köçkün ailələrinin artıq bir neçə gündür yeni mənzillərə köçürülməsinin başladığı halda məcburi köçkün olmayan 23 ailə haqqında bir tədbir görülmədiyini bildiriblər.
Sakinlərə məlumat verilib ki, məcburi köçkünlərin köçürülməsi işini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi aparır. Bu binada məskunlaşan məcburi köçkün ailələrinin Masazır və Mehdiabad qəsəbələrində yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülməsi ilə bağlı oktyabrın 25-də Xətai Rayon İcra Hakimiyyətində püşkatma mərasimi də keçirilib. Qalan 23 qeyri-məcburi köçkün ailəsi ilə bağlı isə rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumlara, eləcə də Nazirlər Kabinetinə müvafiq məlumatlar verilib. Həmin ailələrlə bağlı nə qərar verilsə, o qərar da tərəfimizdən yüksək səviyyədə icra ediləcək.
Sakinlər göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.