Şriftin ölçüsü :

Saytın rəngi :

59 nömrəli tam orta məktəbdə “Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu”nun açılış mərasimi olub

05 noyabr 2017 | 11:00

   Xətai rayonu Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə elan etdiyi 1-ci qrant müsabiqəsində qalib gəlmiş “Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu” adlı layihənin açılış mərasimi keçirilmişdir.
   Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektor müdiri Anar Qədimalıyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, rayon ictimaiyyəti, 55 və 95 nömrəli tam orta məktəblərin sağlamlıq imkanları məhdud olan şagirdləri iştirak etmişlər.
   Məktəbin direktoru Kəmalə Şıxlinskaya layihə haqqında məlumat verib. Bildirib ki, layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olan xüsusi istedadlı və yaradıcılıq qabiliyyətli yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyası və onların ictimai həyatdan uzaqlaşmasının qarşısının alınmasıdır. İlkin olaraq Əsasnamə tərtib edilmiş və respublika ərazisində yerləşən sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olan uşaqlar üçün ayrılmış xüsusi internat məktəblərinin şagirdləri və məktəb nümayəndəlikləri üçün layihə ilə bağlı bir sıra maarifləndirici görüşlər keçirilmiş, onlara layihənin mahiyyəti haqqında məlumat verilmiş və layihəyə hazırlıq işləri görülmüşdür. Forumun bağlanış mərasiminə qədər sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi internat məktəblərində təlimlər keçiriləcəkdir.
   Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, bu cür yüksək səviyyədə həyata keçirilən layihələr, eyni zamanda xüsusi qayğıya və müdafiəyə ehtiyacı olan uşaqların sosial xidmətlərə yönəldilməsi təqdirəlayiqdir. Bu cür xidmətlərin keyfiyyətinin monitorinqi və qiymətləndirilməsi, həmin layihələr əsasında əldə edilmiş nəticələrin yüksək səviyyədə dəyərləndirilməsi fiziki qüsurlu istedadlı yeniyetmə və gənclərin cəmiyyətdə nüfuz qazanmasına xeyli yardım edəcək. 
   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektor müdiri Anar Qədimalıyev qeyd edib ki, hal-hazırda Azərbaycanda mindən çox sağlamlıq imkanları məhdud olan gənc var ki, bu gənclərin uşaqlıqdan qarşılaşdıqları reaksiyalara görə hamıdan qaçaraq özlərini real həyatdan təcrid edərək tənhalığa məhkum etmələri onların sosiallaşmasına böyük əngəllər törədir. Həyata keçirilən bu layihənin də məqsədi xüsusi qayğıya ehtiyacı olan yeniyetmə və gənclərin özlərini cəmiyyətə inteqrasiya etməsini, sosiallaşmasını təmin etməklə özlərini ən fəal və ən aktiv gənclər kimi görmələrini təşkil etməkdir.
   Digər çıxış edənlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və başqaları layihənin mahiyyətini vurğulayıblar, sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olan xüsusi istedadlı gənclərin cəmiyyətə inteqrasiya edilməsi ilə bağlı görülən işlərin vacibliyindən danışıblar.
     Sonra tədbir bədii hissə ilə davam edib.

 

Keçidlər