Şriftin ölçüsü :

Saytın rəngi :

“Bayrağımız canımız, qürur mənbəyimizdir” adlı tədbir keçirildi

06 noyabr 2017 | 11:00

   Xətai Rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi tədbirlər planına əsasən rayonun idarə və müəssisələrində, orta ümumtəhsil məktəblərində Dövlət Bayrağı Gününə həsr edilmiş bayram tədbirləri davam etməkdədir.
   Təntənə ilə keçən tədbirlərdən biri də icra hakimiyyətinin təşəbbüsü ilə rayonun humanitar lisey-məktəbində təşkil olunmuşdu. Respublika Təhsil Nazirliyinin, icra hakimiyyəti aparatının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbir üç rəngli bayrağımızın alqış sədaları altında səhnəyə qaldırılması ilə başladı.
   Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov tədbirdəki çıxışında Azərbaycanın Dövlət Bayrağının tarixi barədə məlumat verərək bildirdi ki, müstəqilliyimizin, dövlətçiliyimizin əsas rəmzlərindən olan, məmləkətimizdə yüksəlməsi naminə babalarımızın, atalarımızın qanlar tökdüyü, bu gün ən mötəbər beynəlxalq təşkilatlarda, dünyanın əksər dövlətlərindəki Azərbaycan Respublikası səfirliklərinin binaları üzərində dalğalanan, dünya və Avropa miqyaslı nüfuzlu idman yarışlarında qalib idmançılarımızın şərəfinə qaldırılan üçrəngli, ay ulduzlu dövlət bayrağımız bizim and yerimiz, millətimizin qürur və şərəf simvoludur. Məhz buna görə  ümummilli lider Heydər Əliyev bu müqəddəs dövlət simvolu haqqında danışarkən demişdir: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”.
   Natiq qeyd etdi ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuş üçrəngli bayrağımız, məhz ulu öndər Heydər Əliyevin qətiyyəti, polad iradəsi ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisinin sesiyasında Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul edildi. Qərarda həmçinin, Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi.
   P.İmanov vurğuladı ki,  Naxçıvanda Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanda müstəqillik mücadiləsinə yeni bir təkan verdi və bizi müstəqilliyə daha da yaxınlaşdırdı. Çox keçmədi ki, 1991-ci il fevralın 5-də respublika Ali Sovetinin qərarı ilə üçrəngli və ay-ulduzlu bayraq yenidən  Azərbaycanın dövlət bayrağı elan edildi.
   Tədbirdə qeyd olundu ki, Azərbaycan vətəndaşlarının, bütün soydaşlarımızın milli həmrəyliyinin, vahid azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşmələrinin başlıca amillərindən biri olan müstəqil Azərbaycan Respublikasının Dövlət bayrağı bu gün dünyanın ən nüfuzlu təşkilatlarında, mötəbər məclislərində dünyanın qabaqcıl dövlətlərinin bayraqları ilə bir sırada durur.
   Tolpantıda vurğulandı ki, Prezident İlham Əliyev Heydər Əliyev irsinə sədaqət nümunəsi göstərərək Azərbaycanın dövlət atributlarını, onların özlərində daşıdıqları azərbaycançılıq ideallarını daim uca tutur və əməli fəaliyyəti ilə bu ali və ülvi amalların cəmiyyətimizə aşılanmasına çalışır. Bu, Prezidentimizin  Dövlət bayrağımıza münasibətində də özünü bariz şəkildə göstərir. Məhz Prezidentimizin 2007-ci il dekabrın 30-da Bakıda Dövlət Bayrağı meydanının inşası üzrə unikal tikilinin layihəsinin təntənəli təməlqoyma mərasiminə qatılması, 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalaması və nəhayət, 2010-cu il sentyabrın 1-də  Dövlət Bayrağı meydanının təntənəli açılışında iştirak etməsi buna əyani sübutdur.
   Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra klassik və müasir şairlərimizin  Azərbaycan bayrağına həsr etdikləri şeirlər səsləndirildi, ulu öndər Heydər Əliyevinİlham Əliyevin bayrağımızla bağlı sənədli videosüjetləri və yuxarı sinif şagirdlərinin hazırladıqları “Bayrağımız canımız, qürur mənbəyimizdir” ədəbi-bədii kompazisiya nümayiş etdirildi.

Keçidlər