Birliyin və həmrəyliyin müqəddəs rəmzi
Dövlət Bayrağı günü münasibətilə Xətai rayonunda Heydər Əliyev parkında təntənəli tədbir təşkil olunub.Tədbir çərçivəsində gənc rəssamların asfalt üzərində rəsm aksiyası da keçirilib.
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva başda olmaqla aparatın məsul əməkdaşları, Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov və bir çox rəsmi qonaqlar ümummilli lider Heydər Əliyevin parkdakı abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad etdikdən sonra, dövrəsinə onlarla tamaşaçı toplayan gənc rəssamların bayraq sevgisindən yaranan rəsmləri ilə tanış olublar.
Bayram təntənəsinin rəsmi hissəsini bildirən daha bir dövlət simvolu- Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra üçrəngli bayraq alqış sədaları altında meydanın başında yerini tutdu.
Təntənəli mərasimi açan Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva meydana toplaşan vətəndaşları, ictimaiyyətin nümayəndələrini, qonaqları mötəbər bayram münasibətilə təbrik edərək qeyd etdi ki, bu gün şəninə toplaşdığımız Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla təsis edilmiş müasir müstəqil Azərbaycanın ən gənc bayramıdır. Amma onun tarixi ötən əsrin əvvəllərinə - Azərbaycanın uzun əsrlər həsrətində olduğu azadlıq və müstəqilliyə qovuşduğu 1918-ci ilə təsadüf edir. Lakin, bu azadlıq və müstəqilliyin ömrü uzun olmamış, cəmisi 23 aydan sonra yenə qırmızı terrora yenilərək üçrəngli bayrağı ilə bərabər 70 il milli şüur və düşüncələrdə, həsrət dolu könüllərdə yaşamalı olmuşdur.
Yalnız 1990-cı ildə dərin zəkası, polad iradəsi, müdrikliyi, siyasi təcrübəsi ilə dünyanın ən nəhəng siyasi xadimləri ilə bir sırada duran ümummilli liderimiz Heydər Əliyevin böyük siyasətə qayıdışından sonra üçrəngli, ay-ulduzlu dövlət bayrağımız Naxçıvanda yenidən müstəqil dövlət simvolumuz kimi yüksəlməyə başladı.
Naxçıvan Milli Məclisinə üçrəngli bayrağın gətirilməsi artıq onu ehtiva edirdi ki, Azərbaycan Sovet İmperiyasından, bu rejimin totalitar ənənələrindən imtina edərək öz müstəqilliyini bərpa etmişdir. Azərbaycanda, paytaxt Bakıda isə hələ müstəqillik aktı belə qəbul edilməmişdi. Uzaq Naxçıvanda belə bir addımın atılması Azərbaycanda azadlıq mücadiləsinə yeni nəfəs verdi, azadlıq və demokrarya yoluna qapı açdı. Xalq bilirdi ki, müdrik siyasi xadim belə bir qərar verirsə demək, imperiyanın süqutu qaçılmazdır. Müstəqilliyə açılan bu yoldan geri dönmək olmaz. Ona görə də 5 fevral 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətini müzakirəyə çıxararaq, əksər səs çoxluğu ilə üç rəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi. Bundan bir müddət sonra 1991-ci il oktyabrın 18-də ölkəmizin parlamenti müstəqillik haqqında bəyənnamə qəbul edərək müstəqil dövlət kimi Azərbaycan Xalq Cumhuriyyətinin varisi olduğunu elan etdi. Beləcə Azərbaycan müstəqil və suveren dövlət kimi öz üçrəngli bayrağı ilə bütün dünyada tanınmağa başladı. Azərbaycanın Konstitutsiya Aktında təsbit edilən ölkəmizin dövlət atributları haqqında qanunvericilik aktları qəbul edildi və onlar ən müqəddəs vaqlıq kimi xalqımızın, millətimizin həyatına əbədi vəsiqə qazandı.
Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov və digər qonaqlar isə çıxışlarında bildirdi ki, bu gün də ulu öndərin xalqımızın və dövlətimizin maraqlarının hərtərəfli təmin olunması siyasətini bütün sahələrdə uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın dövlət atributlarını, onların özlərində daşıdıqları azərbaycançılıq ideallarını daim uca tutur və əməli fəaliyyəti ilə bu ali və ülvi amalların cəmiyyətimizə aşılanmasına çalışır. Bu, özünü Dövlət bayrağımıza münasibətdə daha bariz şəkildə göstərir.
Tədbirin ikinci hissəsi incəsənət ustalarının iştirakı ilə möhtəşəm bayram konserti ilə xatirələrə yazıldı.