Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana işgüzar səfərinə həsr olunmuş tədbir keçirilmişdir.
10 noyabr 2017-ci il tarixdə Xətai rayonunda 48 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana işgüzar səfərinə həsr olunmuş tədbir keçirilmişdir.
Rayon ictimaiyyəti nümayəndələrinin, müəssisə və təşkilatların, ictimai birliklərin, Xətai və Əhmədli bələdiyyə üzvlərinin iştirakı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü barədə geniş mühazirə ilə çıxış etdi.
P.İmanov çıxışında Azərbaycanın İran və Rusiya ilə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı barədə geniş məlumat verdi. Bildirdi ki, Azərbaycan İranla İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Rusiya ilə MDB, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə fəaliyyət göstərir. Bu qarşılıqlı fəaliyyət iqtisadi əməkdaşlığın daha da yüksək səviyyəyə qaldırılması üçün yaxşı imkan yaradır. İrandan və Rusiyadan Azərbaycan iqtisadiyyatına qoyulan sərmayənin həcmi artır. Qeyd etdi ki, bu sərmayə layihələri Azərbaycanın regionda olan nüfuzunun və Azərbaycana olan inamın təzahürüdür.