“Azərbaycanın Milli Qəhrəmanları milli iftixarımızdır” mövzusunda tədbir keçirilib
Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycanın Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin təşəbbüsü ilə rayonun 204 saylı məktəbində Milli Qəhramanlara həsr olunmuş tədbir keçirilmişdir.
Toplantıda Qarabağ müharibəsinin veteranları, bu müharibədə şəhid olmuş qəhrəman oğulların ailə üzvləri, İkinci Dünya müharibəsinin iştirakçıları ilə yanaşı Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın həyat yoldaşı Məltəm Özoral da iştirak edirdilər.
204 saylı orta məktəbin direktoru Ziba Rzayeva bildirdi ki, hər bir xalqın və millətin dayağı və güvənc yeri onun ordusu və bu orduda şərəflə xidmət edən mərd oğullarıdır. Bu gün bura, XX əsrin sonlarında və XXI əsrin əvvəllərində şücaəti, igidliyi və dönməzliyi ilə adını Azərbaycanın müstəqillik tarixinə Milli Qəhrəman kimi yazdıran Vətən oğullarının şəninə toplaşmışıq.
Xətai Rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov çıxışında bildirdi ki, Azərbaycanın Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi, onun rəhbəri Elxan Uluxanlı, birliyin rayon şöbəsinin rəhbəri Fəranə Alıyeva çox vacib və əhəmiyyətli bir layihəni gerçəkləşdirmişlər. Onlar müstəqil Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını belə əsirgəməyən, yağı düşmənlə döyüşlərdə böyük hünər göstərmiş Milli Qəhrəmanlarımızın şəkilləri əks olunan böyük bir plakatın nəşrinə nail olmuşlar. Çünki onun məramı ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş və əksəriyyətinin qəhrəmancasına həlak olduğu Azərbaycan oğullarını insanlara, xüsusilə də yeniyetmələrə və gənclərə tanıtmaqdır.
Natiq qeyd etdi ki, gənclər bu uca ada layiq olan hər bir Vətən övladını, onların keçdiyi böyük və şərəfli döyüş yollarını, göstərdikləri igidlikləri yaxından tanımalı və öyrənməlidirlər.
Tədbirdə eləcə də, Aprel döyüşlərindən, Azərbaycanın rəşadətli ordusunun şücaətindən, işğaldan azad olunmuş Cocuq Mərcanlıda aparılan bərpa işlərindən, “Böyük Qayıdışın” başlanğıcından danışıldı. Hər bir Azərbaycan vətəndaşı görməlidir ki, dövlətimiz, xalqımız öz Milli Qəhrəmanlarının, Vətən uğrunda canlarından keçmiş şəhidlərinin adlarını həmişə uca tutur və heç vaxt unutmur. Ümummilli liderimiz Heydər Əliyev şəhidlərimiz, igid əsgərlərimiz haqqında danışarkən demişdir: "Vətən yolunda canlarını qurban vermiş, şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanlarının həyatı, onların qəhrəmanlığı bütün xalqımız üçün, o cümlədən, xüsusən gənclərimiz üçün örnəkdir, dərsdir".
Məktəblilərin Milli Qəhrəmanlara həsr etdikləri ədəbi-bədii kompazisiyanın təsirindən göz yaşlarını saxlaya bilməyib bir qədər kövrələn Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın həyat yoldaşı Məltəm Özoral tədbirdə çıxış edərək bildirdi ki, xalqın öz qəhrəmanlarına göstərdiyi bu hörmət və ehtiram alqışa layıqdir. Türkiyədə də hələ ötən əsrdə baş vermiş məşhur Çanaqqala döyüşünün qəhrəmanlarını böyük sevgi və ehtiramla yad edirlər. Nə qədər ki, millətin belə mərd, ölümün gözünə dik baxan rəşadətli oğulları var onu heç bir qüvvə, heç bir ordui yenə bilməz.
Təqdimat mərasiminin sonunda Xətai rayonunundakı 15 qabaqcıl məktəbə İctimai Birliyinin hazırlayıb nəşr etdirdikləri “Azərbaycanın Milli Qəhrəmanları” plakatları və xatirə kitabları təqdim edildi. Qeyd edildi ki, bu əyani vasitələr Milli Qəhrəmanlarımızın tanıdılmasına, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda böyüməsinə az da olsa öz töhfəsini verəcək.
Sonda Xətai Rayon İcra Hakimiyyəti adından Türkiyə diplomatının xanımı Məltəm Özorala xatirə hədiyyəsi və “Azərbaycanın Milli Qəhrəmanları” kitabı təqdim edildi.