Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda qışa hazırlığın vəziyyəti müzakirə olundu

16 noyabr 2017 | 11:00

   Xətai rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyəti başçısının müavini Teymur Əzizovun sədrliyi ilə İcra Hakimiyyəti Aparatının, Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin, “Azəristiliktəchizat” ASC-nin və xidmət idarələrinin məsul əməkdaşlarının iştirakı ilə rayon ərazisində qış mövsümündə istilik enerjisi təchizatının təşkili və keyfiyyətinin yüksəldilməsi, çoxmənzilli yaşayış binalarının, uşaq bağçalarının, dövlət və sosial obyektlərin istiliklə lazımi səviyyədə təmin edilməsi, mövcud problemlər və görülmüş işlər barədə müzakirələr aparılmışdır.

   Tədbirdə qeyd olunmuşdur ki, 2017-2018-ci illərin qış mövsümünə  hazırlıqla əlaqədar rayonun Kommunal və Xidmət Sahələri tərəfindən rayon ərazisindəki yaşayış binalarının və obyektlərin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, həmçinin, istiliklə təmin edilməsi, eləcə də, yeraltı mühəndis-kommunikasiya xətlərinin yoxlanılması, yağış suları qəbul edən kanalizasiya quyularının təmizlənməsi, küçə, həyət, parkların normal işıqlandırılmasını təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçirilmişdir.
   “Azəristiliktəchizat” ASC-nin rayon üzrə fəaliyyət göstərən İstilik Sistemləri İstismar Sahələri tərəfindən istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində cari profilaktik təmir işləri başa şatdırılaraq qışa hazır vəziyyətinə gətirilmişdir. Belə ki, qazanxanalarda olan nasoslar, elektrik mühərrikləri təmir olunmuş, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənmişdir. Magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilmiş və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunması işləri yekunlaşdırılmışdır. Həmçinin, rayonun təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələrində payız-qış mövsümü ilə əlaqədar binalarda əsaslı və cari təmir işləri aparılıb.
   Müşavirədə ayrı-ayrı xidmət sahələrinin rəhbərləri qış mövsümünə hazırlıqla bağlı görülən işlər barədə məlumat veriblər və qarşıda duran vəzifələrdən danışıblar.

Keçidlər