Rayon İcra Hakimiyyətində qış mövsümünə keçidlə əlaqədar əlavə tədbirlərin görülməsi ilə bağlı müşavirə keçirildi
Xətai rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədovun sədrliyi ilə İcra Hakimiyyəti Aparatının, Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin və xidmət idarələrinin məsul əməkdaşlarının iştirakı ilə rayon ərazisində qış mövsümünə keçidlə əlaqədar əlavə tədbirlərin görülməsi ilə bağlı müşavirə keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirib ki, qış mövsümünə hazırlıqla əlaqədar rayonun Kommunal və Xidmət Sahələri tərəfindən rayon ərazisindəki yaşayış binalarının və obyektlərin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, həmçinin, istiliklə təmin edilməsi, eləcə də, yeraltı mühəndis-kommunikasiya xətlərinin yoxlanılması, yağış suları qəbul edən kanalizasiya quyularının təmizlənməsi, küçə, həyət, parkların normal işıqlandırılmasını təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçirilib.
Həmçinin, istilik enerjisi təchizatının təşkili və keyfiyyətinin yüksəldilməsi, çoxmənzilli yaşayış binalarının, uşaq bağçalarının, dövlət və sosial obyektlərin istiliklə lazımi səviyyədə təmin edilməsi sahəsində hər hansı bir problemin yaranmaması, istilik və elektrik enerjisinə tələbatın artması ilə əlaqədar naqillərdə yüklənmələrin baş verməsi nəticəsində qısaqapanma hallarının qarşısını almaq, belə halların baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi, magistral qaz xətlərində normal atmosfer təzyiqinin saxlanılması, qış mövsümündə günlərin qısa olması ilə bağlı bağçalara, məktəblərə gedən yollarda küçə işıqlarının mövsümə uyğun olaraq tez yandırılması və bu kimi məsələlərlə bağlı əlavə tədbirlərin görülməsinə dair müvafiq tapşırıqlar verib.
Eləcə də, rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon ərazisində yanğın təhlükəsi daha çox olan, istismar müddətini başa vurmuş yaşayış binalarında, müxtəlif təyinatlı obyektlərdə yanğın təhlükəsizliyinin təmin olunması vəziyyətinin təftiş edilməsi məqsədilə müvafiq qurumların iştirakı ilə rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında komissiyanın yaradılması barədə göstəriş verildi.
Müşavirədə ağacəkmə mövsümünün başlanması ilə əlaqədar, Prezident İlham Əliyevin tapşırığına əsasən, ekoloji durumun daha da yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması istiqamətində bütün respublikada olduğu kimi, Xətai rayonunda da artıq ənənəvi hal almış ağacəkmə kampaniyaları çərçivəsində bütün təhsil, səhiyyə və mədəniyyət ocaqlarında, idarə və müəssisələrdə tədbirlərin təşkili, rayon ərazisində aparılacaq abadlıq, təmizlik işləri, ağacəkmə və iməciliklərin keçirilməsi ilə bağlı müzakirələr aparılıb, tapşırıqlar verilib.