Xətai Rayon İcra Hakimiyyəti “Tərəqqi” medalı ilə təltif edilən Fərəcov Ədalət Nurulla oğlunu təbrik etdi
Dövlət başçısı cənab İlham Əliyev noyabrın 18-də Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Tərəqqi” medalı ilə təltif edilənlərdən biri də Xətai rayon Xətai bələdiyyəsinin üzvü, biologiya elmləri doktoru, professor Fərəcov Ədalət Nurulla oğludur.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov “Tərəqqi” medalına layiq görülməsi münasibətilə Ədalət Fərəcovu təbrik etdi. Ölkə başçısı cənab İlham Əliyevin bu diqqətinin qarşılığında hər bir kəsin üzərinə böyük məsuliyyət düşdüyünü bildirən Razim Məmmədov Ədalət Fərəcova işlərində yeni müvəffəqiyyətlər arzuladı.
Ədalət Fərəcov göstərilən diqqətə görə minnətdarlığını bildirərək, qeyd etdi ki, bu dövlət başçısı tərəfindən ona verilən ikinci mükafatdır. Belə ki, Ulu Öndərimiz Heydər Əliyev və cənab Prezident İlham Əliyev də həmişə onun əməyini qiymətləndirmişdir. 2006-cı ildə o, Prezident təqaüdünə layiq görülmüşdür. O bildirmişdir ki, həmişə dövlət başçısı cənab İlham Əliyevin, eləcə də, rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun diqqət və qayğısını hiss edir.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov həmçinin, rayon Təsərrüfatı şöbəsinin müdiri Hüseyn Abbasovu 60 yaşı olması münasibətilə təbrik etdi, ona gələcəkdə də işlərində uğurlar arzuladı.
Tədbirin sonunda Ədalət Fərəcov və Hüseyn Abbasova rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərman və hədiyyələr təqdim olundu.