Onlar Vətənin müdafiəsinə hazırlaşırlar
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xətai Rayon İcra Hakimiyyəti ilə birgə parkda “Vətənin müdafiəsinə hazıram” kütləvi tədbirinin keçiriləcəyini elan edəndə orta məktəblərin yuxarı sinif şagirdləri və gəncləri özlərini hamıdan tez yetirmişdilər Heydər Parkına. Sanki bu gün cəbhəyə yola düşəcəkdilər deyə, Vətənın müdafiəsinə hazır olduqlarını göstərməyə gəlmişdilər.
Tədbir iştirakçıları və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib xatirəsini ehtiramla yad etdilər. Bir-neçə dəqiqədən sonra dövlət himninin möhtəşəm sədaları altında Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş parka toplaşanları sayğı duruşu vəziyyəti alıb özləri də himnin oxudular.
Çıxış üçün söz alan Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov qeyd etdi ki, Vətənin sərhədlərini və əminamanlığını qorumaq hər bir vətəndaşın müqəddəs borcudur. Bu tarix boyu belə olub və min il sonralar da belə olacaq. Bu gün Azərbaycanın hər yerində, torpaqlarımızı düşmən işğalından azad etməyə, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə hazır olan minlərlə gəncimiz var.
P.İmanov bildirdi ki, son illər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Vətənin müdafiəsinə hazıram” devizi altında keçirdiyi və onun rayon şöbəsinin vaxtaşırı təşkil etdiyi digər belə tədbirlər təcavüzkar Ermənistanla müharibə vəziyyətində olan ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki məhz belə tədbirlər gənc nəslə vətənpərvərlik ruhunun aşılamasına, onların Vətən qarşısındakı borclarını dərk etməsinə və orduya çağırışa hər an hazır olmalarına çox böyük töhfə verir.
Natiq Azərbaycan Ordusunun son illərdəki döyüş hazırlığından və regionun ən qüdrətli silahlı qüvvələrindən birinə çevrildiyindən danışaraq bildirdi ki, möhtərəm Prezidentimiz, Ali Baş komandan cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan ordusu yüksək döyüş hazırlığına və ən müasir hərbi texnika və silahlara malik bir orduya çevrilmişdir. Ötən ilin aprelində işğalçı Ermənistan ordusunun təxribat cəhdlərinə cavab olaraq hərbi hissələrimizin yalnız az sayda bir kontingentinin həyata keçirdiyi əks həmlələri nəticəsində düşmən kütləvi itkilər verərək geri çəkildi və bir neçə strateji məntəqəmiz işğaldan azad edildi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi polkovnik Yusif Mirzəyev isə çıxışında tədbirin əhəmiyyətindən söz açaraq bildirdi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi vətənpərvərlik tərbiyəsinin, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirir. Belə tədbirlərin əhəmiyyəti hərbi xidmətə çağırışlarda və gənclərimizin ordu sıralarında xidmət keçdikləri müddətdə özünü bariz şəkildə göstərir.
Ordumuzun hazırkı vəziyyətindən danışan Y.Mirzəyev qeyd etdi ki, döyüş hazırlığına, müasir hərbi texnika və silah-sursat təminatına görə Azərbaycan Ordusu təkcə regionda deyil, dünyanın ən güclü silahlı qüvvələri arasında layiqli yer tutmaqdadır. Bu, Azərbaycan Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin Silahlı Qüvvələrimiz qarşısındakı müstəsna xidmətləri sayəsində mümkün olmuşdur. Ancaq unutmaq olmaz ki, ordumuzun möhkəmləndirilməsi fasiləsiz xarakter daşımalıdır. Ölkənin müdafiə, vəzifəsindən asılı olmayaraq, bütün vətəndaşalardan, xüsusilə də gənclərdən Vətənin çağırışına vaxtında və çevik reaksiya verməyi tələb edir. Bunun üçün mənən, ruhən, fiziki cəhətdən hər an hazır olmalıyıq.
Tədbirdə çıxış edən “Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli və digər qonaqlar Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri, Prezident İlham Əliyevin ordu quruculuğu sahəsindəki strateji xətti və digər məsələlər haqqında gənclərə ətraflı məlumat verdilər.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adından “Vətənin müdafiəsinə hazıram” və bu ruhda olan bir çox digər tədbirlərin təşkilində göstərdiyi dəstəyə və fəallığa görə Xətai Rayon İcra Hakimiyyətinə təşəkkür plaketi təqdim edildi.
“Çağırışaqədərki hazırlıq” fənninin tədrisində və hərbi vətənpərvərlik işinin təşkilində səmərəli fəaliyyətinə görə Heydər Əliyev liseyinin hərbi rəhbəri Rəhim Mustafayevə və “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən Heydər Əliyev liseyinin şagird Anar Əliliyə də Dövlət Xidmətinin mükafatları təqdim edildi.
Sonra vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Xətai rayon məktəblərinin özfəaliyyət kollektivləri, rəqs qrupları vətənpərvərlik mövzusunda ədəbi-bədii proqramla çıxış etdilər.