245 nömrəli məktəbdə “Vətənə sədaqət, milli-mənəvi dəyərlərə hörmət” mövzusunda tədbir keçirilib
Noyabrın 24-də Xətai Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Xətai rayonunda yerləşən 245 saylı orta məktəbdə “Vətənə sədaqət, milli-mənəvi dəyərlərə hörmət” mövzusunda tədbir keçirilib.
Tədbirdə Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Fidan Aslanova və Vasif Musayev, məktəbin direktoru Ülviyyə İsmayılova, müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ülviyyə İsmayılova iştirakçıları tədbirin mahiyyəti və məqsədi barədə məlumatlandırıb, məktəblərdə təşkil edilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib.
Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov əsrlərboyu xalqımızın mənlik şüuru, əxlaqi dəyərlərə sədaqəti sayəsində, bütün təsirlərə baxmayaraq, öz dilini, dinini, Vətən, ata-ana, yurd sevgisini, milli adət-ənənələrini qoruyub saxladığını və bu ali dəyərlərin öz bütövlüyünü itirmədən gələcək nəsillərə əmanət etdiyini bildirib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Fidan Aslanova bildirib ki, xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvəti, Vətənə sevgi və sədaqət isə milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması deməkdir. F.Aslanova mütəmadi keçirilən maarifləndirmə tədbirlərinin milli-mənəvi dəyərləri qorumaq, Azərbaycançılıq məfkurəsini geniş təbliğ etmək, uşaq və gənclərin sağlam təfəkkürlü, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə təkan vermək məqsədi daşıdığını diqqətə çatdırıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev vətənpərvərlik hissinin insanın öz Vətəninə, ailəsinə sevgi və sədaqətindən, onun tarixi, milli və mənəvi dəyərləri üçün qürur hissi keçirməsindən, doğma Vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan ibarət olduğunu ifadə edib.
Sonra iştirakçılara Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib və şagirdləri maraqlandıran suallar ətrafında müzakirə aparılıb.