Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda YAP-ın 21 illiyi qeyd edilmişdir

21 noyabr 2013 | 11:00

Noyabrın 20-də Xətai rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 21 illiyi münasibətilə tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsinin önünə gül dəstələri düzmüşlər.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirmişdir ki, artıq 21 ildir YAP ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərir və bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə öz prinsiplərinə sadiqliyini nümayiş etdirir.
YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov demişdir ki, şərəfli yol keçən partiya biri-birindən əhəmiyyətli uğurlara imza atmaqla cəmiyyətdə nüfuzunu, siyasi çəkisini daha da artırmışdır. O vurğulamışdır ki, ulu öndər Heydər Əliyevin müdrik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin hərtərəfli inkişafı təmin edilmişdir.

Tədbirdə məlumat verilmişdir ki, hazırda partiyanın Xətai rayon təşkilatı üzvlərinin sayı 17 minə yaxındır. Onların 35 faizini gənclər, 8 min nəfərini qadınlar təşkil edir.
Milli Məclisin deputatı Hadı Rəcəbli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları çıxış edərək 21 il əvvəl ulu öndər Heydər Əliyev tərəfindən yaradılan partiyanın müstəqil Azərbaycanın inkişafındakı misilsiz xidmətlərindən danışmışlar. Qeyd olunmuşdur ki, ölkənin aparıcı siyasi partiyasının yaranmasından keçən dövr ərzində respublikamız ictimai-siyasi, iqtisadi, mədəni-mənəvi həyatda, eləcə də xarici siyasətdə çoxlu nailiyyətlər qazanmışdır. Bunun nəticəsidir ki, bu gün Azərbaycanın sözü artıq bütün dünyada eşidilir, ölkəmiz aparıcı beynəlxalq təşkilatlarda əsas söz sahiblərindən birinə çevrilir.

Tədbirdə YAP-ın sıralarına daxil olmuş bir qrup gəncə vəsiqələr təqdim edilmişdir.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunmuşdur.

Keçidlər