Xətai rayonunda "Qadın sağlamlığı ilə bağlı maarifləndirmə" kampaniyasına start verilib
Xətai rayonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Ginekologiya və Perinatalogiyanın İnkişafına Dəstək İctimai Birliyinin 2017-ci ilin ikinci yarısı və 2018-ci il ərzində qadın sağlamlığı ilə bağlı maarifləndirmə kampaniyasına start verilmişdir.
Bu münasibətlə Xətai Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən toplantını icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva açaraq bildirmişdir ki, Azərbaycanda qadın problemlərinin öyrənilməsi, onların hüquqlarının qorunması və gender bərabərliyinin təmin edilməsi, qadınların reproduktiv sağalamlığının qorunması dövlətin diqqət mərkəzində olan prioritet vəzifələrdən biri sayılır. Elə ona görə də dövlətin sosial yönümlü siyasətində qadınlara, ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə bir neçə dövlət proqramı qəbul edilmişdir. Ana və uşaq sağlamlığının qorunmasında qlobal strategiya, 2011-2015-ci illər üçün Azərbaycanda Səhiyyənin inkişafının strateji planı, “Ana və uşaq sağlamlığının qorunması üzrə Dövlət Proqramı” (2013-2017), “Reproduktiv sağlamlıq üzrə Milli Strategiya (2008-2015)” və sair bu kimi sənədlər uğurla icra edilməkdədir.
Jalə Abdıyeva bu sahədə əldə edilən nailiyyətlərdən danışarkən qeyd etdi ki, 2006-cı ildə təsdiqlənən “Ana və uşaqların sağlamlığının qorunması” Dövlət Proqramı çərçivəsində paytaxt Bakı şəhərində və regionlarda yeddi Perinatal Mərkəz yaradılmışdır. Beləliklə respublikanın şəhər və rayonlarında keyfiyyətli perinatal xidmətlərdən istifadənin əhali arasında daha bərabər şəkildə bölünməsinin təmin olunmasına imkan yaratmışdır. Bu mərkəzlərin funksiyası doğum evlərindən və digər tibb müəssisələrindən fərqlənir. Burada patoloji hamilələrə, zəif doğulmuş uşaqlara xidmət göstərilir ki, bu da öz növbəsində ölkədə ana və uşaq ölümünün səviyyəsinin kəskin azalmasına gətirib çıxarmışdır. 1992-1993-cü illərdə Azərbaycanda hər yeni diri doğulan uşaqdan bir yaşa çatana qədər 30 nəfər tələf olurdusa, indi bu rəqəm 10-12 arasında dəyişir. Bu rəqəmlər göstərir ki, uşaq ölümü üç dəfə azalmışdır.
Həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində respublikanın müxtəlif şəhər və kəndlərində 600-ə qədər tibb müəssisəsi ya yeni tikilib, ya da bərpa olunub və ən müasir ən müasir avadanlıqla təchiz edilərək əhalinin istifadəsinə verilmişdir.
İcra başçısının müavini son illər Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə həyata keçirilən əhalinin pulsuz tibbi müayinə aksiyasının da xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıraraq bildirmişdir ki, bu aksiyalar zamanı illərlə müayinə olunmayan insanlar tibb müəssisələrinə gələrək tam müayinə olunmuşlar. Onların arasında qadınlar daha çox olmuşdur. Bu aksiyalar zamanı bir çox insanlarda xəstəliklərin erkən aşkarlanması nəticəsində onların vaxtında müalicəsinə başlanmışdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinın sədr müavini Sədaqət Qəhrəmanova isə çıxışında iki yüzə yaxın qadının iştirakı ilə keçən tədbirin mahiyyəti haqqında danışaraq bildirdi ki, gələcəyimiz olan uşaqların, bütövlükdə cəmiyyətin mənəvi, psixoloji və fiziki sağalmlığı qadınların sağlamlığından daha çox asılıdır. Qadın sağlamdırsa onun həyat bəxş etdiyi övlad da sağalam olar. Elə ona görə də Ümumdünya Səhiyyə Təşkilatı uzun müddətdir ki, qadın sağlamlığı problemləri ilə məşğul olur. Ancaq indi bu problemlər birinci dərəcəli prioritetə çevrilmişdir. Azərbaycanda isə qadın problemlərinin, xüsusilə gender bərabərliyi məsələlərinin həlli biləvasitə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlamışdır.
Sədaqət Qəhrəmanova repraduktiv qadın sağlamlığı ilə bağlı dünya statistikasından nümunələr göstərərək qeyd etdi ki, hər il dünyada baş verən 277 min ana ölümünün demək olar, 99 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. Bütün dünyada 20-59 yaş arasında qadınların ölüm hallarına görə birinci yerdə süd vəzilərinin xərçəngi xəstəliyi durur. Cinsi diskriminasiya səbəblərindən qadın sağlamlığı üçün çox ciddi təhlükələr yaranır.
Sədr müavini gənc qızların idmanla daha az məşğul olmalarını, fiziki sağalamlıqları ilə bağlı biliklərə yiyələnməmələrini, evlilik zamanı tibbi müayinəyə diqqət yeturməmələrini və sair məsələləri vurğulayaraq bildirdi ki, sonda bunlar sağlamlıqla, həm də ailə və uşaq sağlamlığı ilə bağlı bir çox problemlərin yaranmasına gətirib çıxarır.
Sədaqət Qəhrəmanova çıxışını bu sözlərlə tamaladı: Unutmayın, dünyaya gözəlliyi və harmoniyanı qadın bəxş edir. Əgər qadın sağlamdırsa, mənən safdırsa, psixoloji durumu normaldırsa onun ailəsi də, dünyaya gətirdiyi uşaq da fiziki və mənəvi cəhətdən sağlam olacaq.
Sonda reproduktiv qadın sağlamlığı problemləri və onların yaranmasının səbəbləri haqqında geniş məruzə ilə çıxış edən Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkimi Leyla Məmmədova tədbirdə iştirak edən qadınların suallarına da cavab verdi.