Xətai rayonunda 1dekabr- Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunmuş tədbir keçirilib
Noyabrın 29-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayon Mərkəzi Kitabxanasında 1dekabr Ümumdünya QİÇS-lə mübarizə gününə həsr oiunmuş “QİÇS – ağ dünyanın qara pəncərəsi” adlı tədbir təşkil olunmuşdur.
Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Günəş Cəfərova, Sağlamlıq Naminə Təbiblər İctimai Birliyinin baş katibi Amil Tağıyev, Xətai rayon İH-nin nümayəndələri, Xətai rayon Polis İdarəsinin əməkdaşları, Bakı şəhər kitabxanalarının işçiləri iştirak etmişdirlər.
Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Müşviq Məmmədov QİÇS-lə bağlı maarifləndirici söhbətlərin tez - tez keçirilməli olduğunu, gənc nəslin, ümumilikdə insanların bu xəstəliklə bağlı məlumatlı olmalarının vacibliyini qeyd etmişdir.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Günəş Cəfərova mövzu haqqında ətraflı məlumat verərək bildirmişdir ki, hazırda dünyada 34 milyona yaxın QİÇS-ə yoluxmuş insan var və hər il bu rəqəm 2,5-3 milyon nəfər artır. Təəssüf ki, bu göstərici Azərbaycanda da artmaqdadır və bu virusa yoluxanların real sayı qeydiyyatda olanların sayından qat-qat çoxdur. Buna səbəb isə bir çoxlarının virus daşıyıcısı olduğunu gizlətməsi və ya ümumiyyətlə bundan xəbərsiz olması ilə bağlıdır. Təəssüf doğuran daha bir məqam isə ondan ibarətdir ki, cənub bölgəsi respublika üzrə bu virus daşıyıcılarının sayına görə öncül yerlərdən birini tutur.
Daha sonra qeyd olunmuşdur ki, QİÇS-dən qorunmağın yeganə yolu sağlam həyat tərzi keçirmək və təsadüfi adamlarla münasibətlərdə ehtiyyatlı olmaqdır.
Sonda QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən tədbir iştirakçıları üçün İnsanın İmmun Çatışmazlığı Virusuna görə laborator testlər keçirildi.