“Şəhid Vətən üçün həmişə yaşar” adlı tədbir keçirilib
Noyabrın 29-da Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə M.Ə.Sabir adına şəhər kütləvi kitabxanasında “Şəhid Vətən üçün həmişə yaşar” adlı tədbir keçirilmişdir.
Tədbirdə Xətai rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Müşviq Məmmədov, aprel şəhidlərinin valideyinləri, müəlimlər və orta məktəb şagirdləri iştirak etmişdir.
Tədbirin əsas məqsədi aprel döyüşləri zamanı qəhrəmanlıq göstərmiş Xətai rayon şəhidlərinin orta məktəb şagirlərinə tanıdılması idi.
Çıxış edənlər Azərbaycan ordusunun aprel döyüşlərindəki parlaq qələbəsindən, Müstəqil Azərbaycanın qələbə şəhidlərinin göstərdiyi qəhrəmanlıqlardan söz açdılar.
Şəhid Rəşad Niftalılının atası Şakir Niftalıyev çıxış edərək oğlunun xatirələrindən danışdı. Məktəb və tələbəlik illərində əxlaqlı, ağıllı olması ilə fərqləndiyini, oğlu ilə fəxr etdiyini bildirən Şakir Niftalıyev çıxışının sonunda şəhid haqqında yazılmış “Seysulanda döyüş” adlı kitabı kitabxanaya təqdim etdi.
Daha sonra şəhid Müşfiq Orucovun valideyini Arif Orucov oğlunun 22 yasına qədər qazandığı nailiyyətlərindən, evdə atasına “sən 90 –cı illərdə ala bilməmisən mən torpaqları alacam” iddiası ilə fərəhləndiyini, hərbi xidmətdə olarkən vəzifəsinin qaldırıldığını sevinclə ailəsinə xəbər verdiyini qurur hissi ilə iştirakçılara çatdırdı.
Sonda kitabxana oxucuları İlahə Məmmədovanın ifasında “Ana mən şəhid oldum” mahnısı və Arzu Babayevanın ifasında “Daha narahat olma ey Şəhidin anası” adlı şeir səsləndirildi.