Şəhidlərin abidə kompleksi və istirahət parkının açılışı olmuşdur
Dünən Xətai rayonunun Neapol dairəsində rayon icra hakimiyyəti tərəfindən yenidən qurulan Şəhidlərin abidə kompleksi və istirahət parkının açılışı olmuşdur. Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, açılışa toplaşan şəhid valideynləri və qonaqlar abidə kompleksinin önünə tər çiçək dəstələri qoyaraq onların ruhuna dualar oxudular.
Mərasimə toplaşanlara və qonaqlara məlumat verildi ki, müstəqilliyin ilk illərində inşa olunan park və abidə kompleksi hazırda rayonda aparılan geniş quruculuq və tikinti işlərinin fonunda köhnəldiyindən icra hakimiyyətinin başçısı Razim Məmmədovun təşəbbüsü və tapşırığı ilə yenidən qurulmuşdur. Ümumi sahəsi 4300 kvadratmetr olan parkda 2200 kvadratmetr yaşıllıq salınmış, gəzinti üçün olan 1840 kvadratmetr sahənin dağılmış asfalt örtüyü dəyişdirilərək tamet döşənmiş, işıqlandırma sistemi tam dəyişdirilmiş və sakinlərin istirahəti üçün yeni və müasir oturacaqlar quraşdırılmışdır. 28 Qarabağ şəhidinin xatirə lövhəsi yenilənmiş və kompleks tamamilə yenidən ağ-qara qranitlə üzlənmişdir. Kompleksin baş tərəfində qranit lövhədə Azərbaycan Respublikasının gerbi və ulu öndər Heydər Əliyevin “Hər bir şəhid millətin mənəvi ucalığıdır” kəlamı həkk edilmişdir.
Aydın görünür ki, park və abidə kompleksi ilə yanaşı, onun yerləşdiyi ətraf yerlər də abadlaşdırılmışdır. Kompleksə aparan Neapol küçəsi təmir edilərək müasir işıq dirəkləri quraşdırılmış, Şıxlinski və Telnov küçələrinin kəsişməsindəki yol 4 metr genişləndirilərək asfalt döşənmişdir. Parkda yaşıllıqların suvarma sistemi də yenilənmişdir.
Abidə kompleksinin qarşısındaca şəhid ailələrinin üzvləri ilə görüşən icra hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki, Vətənini uca tutanı Vətən də uca tutar. Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş oğulları unutmağa haqqımız yoxdur. Onların müqəddəs əməllərini layiqincə qiymətləndirmək və bunu gələcək nəsillərə çatdırmaq bizim ümdə vəzifəmizdir. Bu, bizim dövlətin bu gün həyata keçirdiyi vətənpərvərlik siyasətinin prioritet istiqamətlərindəndir. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə də belə olub, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində də istiqamət belədir.
Şəhid ailələrinin üzvləri də Vətən uğrunda canlarını qurban vermiş qəhrəman oğulların xatirəsinə göstərilən diqqət və sayğıya görə dövlət başçısına və onun yerlərdəki nümayəndələrinə öz minnətdarlıqlarını ifadə edərək razılıqlarını bildirdilər.