Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Ulu Öndər Heydər Əliyevin xatirəsi anıldı

07 dekabr 2017 | 11:00

    Bu günlər ölkəmizin hər yerində xalqımızın dahi oğlu,  əvəzsiz dövlət xadimi müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev əbədi sevgi və sonsuz ehtiramla anılmaqdadır. Vəfatından 14 il keçməsinə baxmayaraq, elə bir azərbaycanlı tapmaq olmaz ki, bu hüzn günündə ulu öndəri qədirbilənliklə yad etməsin, onun müstəsna xidmətlərindən danışmasın. Xətai Rayon İcra Hakimiyyəti aparatının rəhbərliyi, YAP Xətai rayon təşkilatının üzvləri və ictimaiyyətin nümayəndələri ulu öndərin adını daşıyan parka gəlib Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.
   Heydər Əliyev liseyində  davam edən anım tədbirini Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva açaraq bildirmişdir ki, Azərbaycanı bütün varlığı ilə sevən və elə bu sevgi ilə də onun müstəqilliyinin əbədiləşməsi yolunda müstəsna xidmətlər göstərən ümummilli lider Heydər Əliyevin anım gününü qeyd etmək xalqımız üçün həmişə üzüntülü olub. Çünki onun yoxluğuna inanmaq çox çətindir. Amma Heydər Əliyev mənən daim Azərbaycanla,  öz xalqı ilə yaşamaqdadır. Çünki onun əməlləri, ideyaları, qurduğu müstəqil Azərbaycan yaşamaqda, inkişaf etməkdədir.
   Jalə Abdıyeva ulu öndərin həyat və fəaliyyəti haqqında danışaraq qeyd etmişdir ki, müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda Heydər Əliyev qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir.
   Natiq ulu öndərin müstəqilliyimizin xilası və möhkəmlənməsi naminə gördüyü işlərdən bəhs edərək bildirdi ki, 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə kəskin dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə start verildi. Az bir zamanda hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi dirçəlişi və sosial inkişafı, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində ölçüyə gəlməyən çox önəmli işlər həyata keçirildi. Bütün iqtisadi və siyasi addımlar bütünlüklə müstəqillik amilinin bərqərar olmasına və möhkəmlənməsinə yönəlmişdi.
   Jalə Abdiyeva vurğuladı ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə və inkişafına ünvanlanan bu strateji xətt onun siyasi varisi və sədaqətli silahdaşı Prezident İlham Əliyev tərəfindən son 13 ildə daha da inkişaf etdirilərək  keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymuşdur. Prezidentin müstəqilliyimizin əbədiləşməsinə hesablanan daxili və xarici siyasəti Azərbaycanın həm iqtisadi qüdrətini, həm müdafiə qabiliyyətini, həm də beynəlxalq siyasi mövqeyini son dərəcə möhkəmləndirmiş, nəticədə ölkəmiz  beynəlxalq iqtisadi-siyasətin maraq mərkəzlərindən birinə, bu siyasəti müəyyənləşdirən qüdrətli dövlətlərin mühüm iqtisadi tərəfdaşına çevrilmişdir.
   Mərasimdə çıxış edən Heydər Əliyev liseyinin direktoru Sevinc Orucova isə  çıxışına ulu öndərin sözləri ilə başladı:: “Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli vəzifə düşübdür və bunu layiqincə yerinə yetirməliyik” deyən ulu öndərimizin izləri onun şah əsəri olan müstəqil, qüdrətli Azərbaycanın hər yerində görünür. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə, tərbiyəyə daim strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisində оnların rоluna yüksək qiymət vermişdir.
   Çıxışlardan sonra liseyin şagirdlərinin ümummilli liderin anım günü ilə bağlı hazırladıqları ədəbi-bədii proqram nümayiş etdirildi  və sənədli-tarixi filmə baxış keçirildi.

Keçidlər