Xətai rayonunda Ulu Öndər Heydər Əliyevin anım tədbirləri davam etdirilməkdədir
Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının təşəbbüsü ilə keçirilən ümummilli lider Heydər Əliyevin anım tədbirləri rayonun orta ümumtəhsil məktəblərində keçirilən “Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur”, “Mənalı ömrün tarixi və fəlsəfəsi” və sair mövzularda dərslərlə davam etməkdədir.
Rayon məktəbliləri ilk öncə Ulu Öndərin adını daşıyan parkda onun abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoyaraq ehtiramlarını bildirmişlər.
Rayonun “Zəkalar” və Humanitar təmayüllü fənlər məktəb-liseylərində müəllim kollektivlərinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə bu mövzlarda keçirilən dərslərdə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva geniş məruzələrlə çıxış etmişdir. Natiq qeyd etmişdir ki, böyük siyasətçilər həyatdan köçəndə haqlı olaraq deyirlər ki, onunla bütöv bir epoxa getdi. Məhz bu dahi siyasətçilərdən olan xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə təkrar-təkrar nəzər salanda onun bənzərsiz dühası qarşısında baş əyirsən.
Plutarx dövlət idarəçiliyi məsələlərindən bəhs edən qeydlərinin birində yazmışdır ki, "təkcə vəzifə insana şərəf gətirmir, insan da vəzifəyə şərəf gətirir". Heydər Əliyevin keçdiyi həyat yolu bütün təfərrüatı ilə göstərir ki, o harada və hansı vəzifədə çalışmasından, hansı ictimai-siyasi dönəmdə fəaliyyət göstərməsindən asılı olmayaraq, özünün idarəçilik istedadı, prinsipləri ilə vəzifəsini daim şərəfləndirmişdir. Məhz buna görə Heydər Əliyevin sovet dönəmində milli təhlükəsizlik orqanlarındakı karyerası da, Azərbaycan Respublikasına rəhbərliyi də, SSRİ kimi nəhəng bir dövlətin başında duran vəzifə adamlarından biri kimi fəaliyyəti də, nəhayət müstəqil Azərbaycanın qurucusu kimi də həmişə onu sevənlərin qəlbində iftixar və qibtə hissi doğurmuş, xudbin insanlarda isə paxıllıq və xof oyatmışdır.
Jalə Abdıyeva bildirmişdir ki, Azərbaycanda şəxsiyyəti və fəaliyyəti çoxdan dövlət atributu, simvalika səviyyəsinə qalxmış Heydər Əliyevin Vətən sevgisindən irəli gələn ölkəsinə, xalqına sədaqətlə xidmət etmək, onun azadlığını və müstəqilliyini göz bəbəyi kimi qorumaq və bu yolda canını belə əsirgəməmək kimi dəyərlər təkcə siyasi elita üçün yox, bütün azərbaycanlılar üçün həyat amalına çevrilməlidir.
YAP Xətai rayon Qadınlar Şurasının sədri, “Zəkalar” liseyinin direktoru Aygün Əhmədli ulu öndərin həyat və fəaliyyəti ilə bağlı geniş çıxış edərək demişdir: “Klassik alman filosofu Hegel şəxsiyyət və zaman kontekstində yazdığı əsərlərinin birində deyir: “Sürətlə siyasi iflasa yaxınlaşan xalqın taleyi yalnız dahi tərəfindən xilas oluna bilər”. Dahi filosofun bu fikirləri müstəqilliyimizin ilk illərində Ulu Öndərin timsalında öz təsdiqini tapdı.
Ulu öndər Heydər Əliyev nəinki hakimiyyətə qayıdışından sonra, əvvəllər də rəhbəri olduğu bütün işlərdə bunu ən doğru şəkildə bacarmış və həyata keçirmişdir. Ancaq onun müstəqillik dövründəki idarəçiliyinin möcüzəsi isə onda idi ki, o, dağılmaq, parçalanmaq həddində olan, vətəndaş müharibəsi ilə üz-üzə qalan Azərbaycanda arzusunda olduğu müstəqil milli dövlətçiliyin əsasını qoydu, onu cilaladı, möhkəmləndirdi, ona əzəmət verdi. O ölkəni təhdid edən vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısını aldı, qarşılıqlı ittihamlara, hakimiyyət uğrunda gedən çəkişmələrə son qoydu.
Rayonun Humanitar Fənlər Təmayüllü liseyinin direktoru Nəzakət Əsgərova isə “Mənalı ömrün izi ilə” adlı məruzəsində Azərbaycanda təhsil sahəsindəki müstəsna xidmətlərindən geniş söz açdı. Natiq ümummilli liderin hakimiyyətinin ilk dövründə həyata keçirdiyi təhsil siyasətinin nəticələrində söz açaraq bildirdi ki, o dövrün nəhəng planlarından biri də Heydər Əliyevin çox böyük uzaqgörənliklə bilikli, istedadlı Azərbaycan gənclərini İttifaqın nüfuzlu ali məktəblərinə təhsil olmağa göndərməsi idi. Məhz bu uzaqgörən fenomenin təşəbbüsü və səyləri ilə 1970-80-ci illərdə SSRİ-nin 50-dən artıq şəhərinin 170-dən çox qabaqcıl ali məktəbində ölkəmizin iqtisadiyyatının, təhsilinin və mədəniyyətinin bütün əsas sahələrini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən çox azərbaycanlı ali təhsilli mütəxəssis hazırlandı. Heydər Əliyev haqlı olaraq artıq müstəqillik illərində bu kontingenti "Azərbaycan xalqının milli sərvəti" adlandırmışdır.