Rayon İcra Hakimiyyətinin başçısı Gəncə prospekti 20 ünvanda qəzalı binada məskunlaşmış vətəndaşların köçürülməsi prosesi ilə bağlı əraziyə baxış keçirmişdir
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Gəncə prospekti 20 ünvanda qəzalı binada və onun ətrafında qanunsuz tikililərdə məskunlaşmış məcburi köçkünlərin və həmin ərazidə qeyri-qanuni məskunlaşmış vətəndaşların köçürülməsi prosesi ilə bağlı əraziyə baxış keçirmişdir.
Məlumat verilmişdir ki, 1990-cı illərin əvvəllərində sürüşmə nəticəsində qəzalı vəziyyətə düşmüş binada və onun ətrafında 106 məcburi köçkün ailəsi və respublikanın digər rayonlarından olan vətəndaşlar məskunlaşmışlar.
Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu vəzifəyə təyin olunduqdan sonra məcburi köçkünlərin mənzil problemlərinin həlli də prioritet vəzifələrdən hesab edilmiş, tez bir zamanda bu istiqamətdə işlərə başlanılmışdır. Belə ki, birinci vitse-prezidentin məcburi köçkünlərin problemləri ilə bağlı keçirdiyi məlum müşavirədən sonra Xətai rayonunda da müxtəlif ünvanlarda, eləcə də, kompakt məskunlaşmış ərazilərdə bu kateqoriyadan olan insanların siyahıları dəqiqləşdirilmiş və əlaqədar təşkilatlara təqdim edilmişdir.
Artıq Xətai rayonunda da mərhələli şəkildə məcburi köçkünlərin yeni inşa edilmiş mənzillərə köçürülməsinə başlanılmışdır. Bununla bağlı rayon İcra Hakimiyyətində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və məcburi köçkünlərin iştirakı ilə püşkatma mərasimləri keçirilmişdir.
Hal-hazırda qeyd olunan ərazidən və həmin binadan məcburi köçkünlər və digər sakinlər köçürülmüş, qalan bir neçə ailənin köçürülməsi işləri yekunlaşmaq ərəfəsindədir.